Mingəçevirdə maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

14:40 / 25.05.2020
1226

“Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”.

Bu barədə Oxu.Az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb:

“Faktla bağlı ekspertizalar təyin edilib”.

Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.

0