Bakıda insanlara hədə-qorxu gələrək onlara heroin satdıran narkobaron saxlanılıb.
HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şüvəlan, Binə, Qala və Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan doqquz nəfər tutulub.
Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Nemət Behbudov Xəzər rayonunda narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq digərlərini bu işə cəlb edib. Nemət Behbudov satmaq üçün narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.
Qeyd edək ki, N.Behbudov şəbəkənin üzvlərinə narkotik vasitələr satdırmaq üçün daim onlara hədə-qorxu gəlib və təzyiq altında saxlayıb.
N.Behbudov və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.