“Şəhid övladlarını öz balalarımdan ayırmıram” - Cəlal Qurbanov

19:50 / 05.02.2023
1045

"Fire Land Production"ın təşkilatçılığı, Şahdağ Turizm Mərkəzinin dəstəyi ilə şəhid övladları və yaxınlarının iştirak etdiyi növbəti tədbir baş tutub.

2 Fevral - Azərbaycan Gəncləri Günü və məktəblilərin qış istirahəti ilə bağlı şəhid övladlarına həsr olunan tədbir 1-2 fevral tarixlərində keçirilib. Şəhid övladları və yaxınları Şahdağda olan istirahət mərkəzində istirahət ediblər, bu tarixə özəl olaraq hazırlanmış konsert proqramında tanınmış ulduzlarla bərabər əyləndilər.

2 günlük tədbirdə şəhid övladları və yaxınları üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, ərazidəki kanat yollarından və atraksionlardan istifadə imkanı yaradılıb, həmçinin onlar üçün müxtəlif əyləncələr, maraqlı oyunlar, musiqili konsert proqramları təşkil edilib,eləcə də xizək sürmə vərdişləri öyrədilib.

Konsert tədbirində Əməkdar artist Abbas Bağırov, müğənni Çinarə Məlikzadə, muğam ifaçısı Zabitə Alıyeva, gənc ifaçılar Murad Azəri, Nihad Orucov, akkordeonçu Becan və "Mary Band" qrupunun mahnıları səsləndirilib.

Tədbiri tanınmış aparıcı Kamilə Babayeva və Mehin Hümbətova idarə ediblər. Tədbirdə şəhid anaları Səmayə Həşimova, Məryəm Xəncəlova və Təranə Hüseynova şəhidlərimizin həyat yoldaşları öz ürək sözlərini dilə gətiriblər. Layihənin gerçəkləşməsində böyük əməyi olan Şahdağ Turizm Mərkəzinin rəhbərliyi adından mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Orxan Bədəlov şəhid əmanətləri ilə görüşdən və bu layihənin dəstəkçisi olmaqdan qürur hiss etdiklərini ifadə edib.

Günorta saatlarında Bakıda yaşayan şəhid övladları ilə Qusar şəhidlərinin övladları arasından futbol üzrə dostluq yarışı baş tutub. "Lion uşaq klubu"nun baş məşqçisi Samir Xairovun rəhbərlik etdiyi yarışda dostluq qalib gəlib. Şəhid övladlarına üzərində Futbol Federasiyasının loqosu olan toplar hədiyyə olunub. Tədbirin təşkilatçısı, "Fire Land Production"ın rəhbəri Cəlal Qurbanov tədbir haqqında bu fikirləri səsləndirib: "Biz şəhid yaxınlarınınn kədərli gözləri gülsün deyə çalışmalıyıq. Mən onların yanında ikən doğmalıq hiss edirəm. Onların atalarının, oğullarının fədakarlığına layiq vətəndaş olmağa çalışıram. Bu xalqın gələcəyi üçün də qəhrəmanlar yetişsin deyə dünənin, bu günün qəhrəmanları uca tutulmalıdır. Hər zaman böyük coşqu, dərin hörmət, bitməz minnətdarlıq hissi ilə şəhid qəhrəmanlarımızın adı əlçatmaz bir zirvədə olacaq. Onların əmanətlərinə sədaqətli olacağıq. Mən şəhid övladlarını öz balalarımdan ayırmıram. Bu gün tədbirlə yanaşı 4 şəhid övladının ad gününü qeyd etdik. Şəhid Ümid Xəncəlovun Ulyana qızı ilə ilk görüşümüz idi, yenə də istiqanlılığı, böyüklərin qucağına sığınması ilə hər kəsi təsirləndirdi. Hüseyn balamız isə polis olmaq istəyini dilə gətirdi. Yeri gəlmişkən, mən bu gün bu işdə bizə dəstək olan Daxili İşlər Nazirliyinin əməkdaşlarına, şəhid əmanətlərini təzimi ilə təsirləndirən polislərimizə, qayğıkeş Şahdağ Turizm Mərkəzinə dərin təşəkkürümü bildirirəm. Şahdağ Turizm Mərkəzi artıq ikinci dəfədir ki, şəhid əmanətlərini böyük hörmətlə qonaq edir. Bundan əlavə, hər zaman şəhidlərimizin ailələrinə diqqət göstərən, onlara həsr olunan layihələri dəstəkləyən Heydər Əliyev Fonduna təşəkkür edirəm. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, şəhid yaxınlarını diqqətdə saxlamaq hər birimizin borcudur. Biz 2 ildən çoxdur ki, bu borc qarşısında layiqincə sədaqət nümayiş etdirməyə çalışırıq. Nə qədər ki, sağıq, layihələrimiz digər bölgələrdə də davam edəcək."

0