Pivə içmək üçün gedirdilər - “Motor House”un parketlərini oğurlayıb həbsə getdilər

19:12 / 29.05.2023
324

Bakıda  "Motor House” Məhdud Məhsuliyyətli Cəmiyyətinin həyətində təmir üçün nəzərdə tutulan 100-ə yaxın parketi  oğurlayan şəxslərə hökm oxunub.
 
Qaynarinfo-nun məlumatına görə, 1965-ci ildə Lerik rayonu Orand kənd sakini Qardaş və 1992-ci ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş İsaxan adlı şəxslər MMC-yə məxsus üzərində "OAK Lux&Standart” yazıları olan, 1 m2 -nin qiyməti 60 manat olmaqla, ümumilikdə 112 paket parketi həyətdən oğurluq etmək istəyiblər. 

Onlar Xocəsənə pivə içməyə gedərkən yolda şirkətin qarşısında içərisində çoxlu sayda parketin yığıldığını görüb və oğurluq qərarına gəliblər. 

Bakıda qonşuluqda yaşayan İsaxan və Qardaş adlı şəxslər bunun üçün əvvəlcədən tanıdıqları Zahid, Vüsal və Samir adlı taksi sürücülərini oraya çağırıblar. Onlar parket aldıqlarını deyib, taksi sürücülərinə daşınma üçün 25 manat pul təklif ediblər. 

Hadisədən xəbər tutan şirkətin mühafizə işçiləri əraziyə yaxınlaşanda İsaxan və Qardaş oradan qaçıblar. 

Zahid, Vüsal və Samir adlı taksi sürücüləri saxlanılaraq polisə təhvil veriliblər. 

Onların izahatı alındıqdan sonra sərbəst buraxılsalar da, İsaxan və Qardaş polis tərəfindən saxlanılıb.

Məhkəminin qərarı ilə, İsaxan Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qardaşa da eyni maddə ilə 2 il 7 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

0