Azərbaycanda azadlığa buraxılan sabiq vəzifəli şəxs məhkəmədən gizləndi

ÖLKƏ
08:53 / 31.05.2023
375

Bakı Apellyasiya Məhkəməsində rüşvət almada təqsirləndirilən Rafiq Əzizovun barəsindki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə bildirilib ki, təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılıb.

Qeyd: Rafiq Əzizov Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavini vəzifəsində çalışıb.

O, işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib və o, azadlığa buraxılıb.

Daha sonra dövlət ittihamçısı hökmdən narazı qalaraq apellyasiya protesti verib.

0