Səhiyyə naziri Teymur Musayev deyib ki, ölkədə COVİD-lə bağlı vaksinasiya prosesi demək olar ki, uğurla başa çatıb.
Koronavirusla bağlı hər həftə statistika açıqlanır və çox zaman yoluxanların sayı 100-dən artıq olur. Maraqlıdır, vaksinasiyanın dayandırılmasına ehtiyac varmı?
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, məqsəd vaksinasiyanın dayandırılması yox, xəstəliyin qarşısının alınmasıdır:
"Sadəcə ölkə əhalisinin çox hissəsi Çindən alınan "Sinovac"la peyvənd olunub. O vaksinin də gücü zəifdir, yenidən yoluxma halları da yarana bilir. Zəif olduğu üçün də kifayət qədər effekt vermir və xəstələr də virusa tez yoluxur. "Pfizer" edənlərin arasında isə tək-tək yoluxmalara rast gəlinir.
Ümumiyyətlə, koronavirus peyvəndi məsələsi ortaya təzə atılmışdı deyə onun neçə dəfə vuruımalıdır, necə vurulmalıdır prosesi barədə konkret sənədlər ortaya qoyulmurdu. Sadəcə tez bir zamanda bu pandemiyadan qurtulmaq üçün peyvəndləmə aparıldı. Buna görə də vaksinyasiyanı tamamilə həll etmək mümkün deyil. Ona görə də hələ də virusa yoluxanlar olacaq. Tədricən bu məsələ öz həllini tapacaq. Amma yaxşı olardı ki, gərək hamı "Pfizer"lə peyvənd olunardı və yoluxanların sayı da çox olmazdı. Çünki bu peyvənd "Sinovac"la müqayisədə daha da effektivdir".
Aynur Əli