Zorakılıq qurbanı olan qadınlar üçün sığınacaq yetərincədirmi?

ÖLKƏ
21:32 / 07.12.2023
455

Məişət zorakılığına məruz qalmış qadınlara ilkin yardımın edilməsi vacib amillərdəndir. Qadın uşaqlarla təkbaşına qaldıqda və ya evdən qovulanda ona dost-tanışı və ya doğmaları tərəfindən yardım edilə bilər.

Ancaq elə ailələr var ki, qadın məişət zorakılığına məruz qalsa da, müxtəlif səbəblərdən doğmalarının evinə gedə bilmir. Belə olan halda, həmin qadın ya yoldaşının zorakılığına dözmək məcburiyyətində qalır, ya da həyatına son qoyur.

Bu kimi halların yaşanmaması üçün sığınacaq mərkəzləri mövcuddur.  Lakin ölkədə onların sayı yetərincə deyil. Yalnız bir neçə vətəndaş cəmiyyəti təsisatının nəzdində sığınacaq mövcuddur. Həmin sığınacaqlar da vətəndaş cəmiyyətlərinə məxsusdur. Əsas problem də onların maliyyələşdirilməsi ilə bağlı olur.

Qeyd etdiyimiz kimi, ölkədə sığınacaqların sayı kifayət qədər deyil. Bölgələrdə zorakılığa məruz qalmış  qadınlar üçün sığınacaqlar, demək olar ki, yox səviyyəsindədir.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında  qeyd edib ki, hazırda məişət zorakılığından əziyyət çəkənlər üçün sığıncaqların sayı azdır: 

“Bir sıra ölkələrdə dövlət sığınacaqları mövcuddur. Ölkəmizdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var. Bu sığınacaqlara məişət zorakılığından əziyyət çəkənlər gəlir. Ümumiyyətlə, hər xırda konfliktə görə sığınacağa gəlmək düzgün deyil. Sığınacaqların tək paytaxtda deyil, bütün rayonlar üzrə yaradılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, bəzi şəxslər rayondan Bakıya gələ bilmir. Bu cür şəxsləri nəzərə alıb, bölgələrdə də dövlət sığınacaq mərkəzi yaradılmalıdır. Təhlükəsiz sığınacaq isə dövlət sığınacağı olmalıdır. Düzdür, vətəndaş cəmiyyəti olaraq, bizdə təhlükəsizlik tədbirləri üçün şərait yaradılıb. Ancaq böyük təhlükələr üçün dövlət sığınacaqlarının yaradılması vacibdir”.

Sevinc

0