İşıqlı Bakının göbəyində yerləşən qaranlıq Kubinka

ÖLKƏ
16:03 / 14.07.2026
82

Bilənlər bilir, bilməyənlər üçün yazım.

Bakının mərkəzində Kubinka adlanan bir ərazi var. El arasında isə bura daha çox “Bataqlıq” kimi tanınır. Bu yer kimini udur, kimini məhv edir, kimini bədbəxt, kimini çarəsiz qoyur. Amma kimini də gücləndirir, həyata başqa gözlə baxmağı öyrədir.

Oxumaq, alim olmaq hələ insan olmaq demək deyil. Amma Kubinkadan salamat çıxmaq bəzən alim qədər bilikli olmaq deməkdir. Salamat çıxmaq isə sadəcə sağlam qalmaq deyil. Çünki burada alınan yaralar insanın bədənində yox, ruhunda iz salır. O izlər isə ömür boyu insanı tərk etmir.

Dedim axı, burada insanı udurlar. Həm diri-diri, həm də ölüsünü. Ölüm burada baş versin, ya da səbəbi bu məhəllədən qaynaqlansın, fərq etməz. Hər zaman eyni söz deyilir: "Kubinka məhv elədi, bədbəxt elədi..."

Bədbəxt elədi... Çünki burada xoşbəxt insanların sayı barmaqla sayılacaq qədər azdır. Kubinkada insan qətliamı yaşanır. Kiminin ruhu, kiminin uşaqlığı, kiminin gəncliyi, kimininsə bütün həyatı qətlə yetirilir.

Kubinkanın küçələri adamı tez böyüdür. Burada uşaqlar uşaqlığını tam yaşaya bilmir. Yaşından əvvəl dərdi tanıyır, qayğını tanıyır, yoxsulluğu tanıyır. Hər küncündə bir hekayə, hər həyətində bir ağrı gizlənir. Kənardan baxan üçün adi bir məhəllə görünə bilər. Amma burada yaşayanlar bilir ki, hər daşın, hər divarın danışacağı çox söz var.

Burada insanlar sadəcə evlərdə yaşamırlar, talelərin içində yaşayırlar. Bəzən bir ailənin faciəsi bütün məhəllənin dərdinə çevrilir. Birinin itkisi digərinin yaddaşında iz buraxır. Çünki Kubinkada hamı bir-birinin həyatından az da olsa xəbərdardır.

Amma bütün qaranlığına baxmayaraq, bu məhəllədə inadla yaşayan insanlar da var. Hər çətinliyə rəğmən ayaqda qalan, övladını oxudan, halal zəhmətlə çörək qazanan insanlar. Kubinkanın bütün ağırlığını çiyinlərində daşıyan da elə onlardır. Bəlkə də bu məhəllənin hələ də yaşamasının səbəbi onların ümididir.

Çünki insan ümidini itirəndə həqiqətən məğlub olur. Kubinka isə bütün yaralarına baxmayaraq, hələ də nəfəs alır. Hələ də səhərlər o dar küçələrə günəş düşür. Hələ də uşaqlar həyətlərdə oynayır. Hələ də kimlərsə sabahın bu gündən daha yaxşı olacağına inanır.

Bəlkə də Kubinkanın ən böyük möcüzəsi elə budur — bütün ağrılarına baxmayaraq, insanları yaşamağa davam etməyə məcbur etməsi.

Kubinkanı uzaqdan tanıyanlar çoxdur, amma onu yaşayanlar azdır. Burada hər kəsin bir hekayəsi var. Elə hekayələr ki, nə kitablara sığar, nə də filmlərə. Hər qapının arxasında ayrı bir həyat, ayrı bir mübarizə gizlənir. Kimi çörək dərdindədir, kimi övlad dərdində, kimi də sadəcə sabaha çıxmaq üçün mübarizə aparır.

Kubinka insanı sərtləşdirir. Bəzən istəmədən. Burada zəif olmağa yer yoxdur. Həyat sənə seçim vermir: ya dözəcəksən, ya da sınacaqsan. Ona görə də bu məhəllədən çıxan insanların baxışlarında başqa bir ifadə olur. Burada dostluq da başqadır, düşmənçilik də. Sevinclər də böyük yaşanır, kədərlər də. Bir evdən toy səsi gələndə bütün küçə eşidir, bir evə yas düşəndə isə bütün məhəllə hiss edir. Çünki Kubinka sadəcə evlərdən ibarət deyil, bir-birinə bağlı talelərdən ibarətdir.

Bəzən düşünürəm ki, Kubinka insanları yoxlamır, onları yenidən yaradır. Kim olduğunu, nəyə qadir olduğunu, nə qədər dözə biləcəyini burada öyrənirsən. Burada həyatın ən sərt üzünü görürsən. Amma eyni zamanda ən səmimi insanlarını da tanıyırsan.

Kubinka haqqında çox söz deyilib, çox fikir söylənib. Kimi onu lənətləyib, kimi ona bağlanıb. Amma bir həqiqət var ki, Kubinka orada yaşamayanın anlaya bilməyəcəyi bir dünyadır. Onu anlamaq üçün o küçələrdə gəzmək, o həyətlərdə nəfəs almaq, o insanların gözünə baxmaq lazımdır.

Və bəlkə də buna görə, nə qədər ağır olsa da, Kubinka çoxlarının yaddaşından silinmir. Çünki bəzi yerlər xəritədə yox, insanın içində yaşayır. Kubinka da onlardan biridir.

Mən inanıram ki, burada gələcəyə ümidlə baxan, acı reallıqların səbəbini doğru anlayan insanlar da bir gün xoşbəxt olacaqlar. Yaralı, yarımçıq, yarıcan həyatları olsa belə...

Həyat bunu onlara borcludur. Ən içdən gələn gülümsəməni yaşamadan bu dünyadan köçmələri haqsızlıq olar.

Əziz və doğma yol yoldaşlarıma, bakılı qızdan sevgilərlə...

Əlvida, Kubinka...

Fatimə Qəmbərli

0