AMEA paytaxtdan köçürülür? - Akademikdən açıqlama

ÖLKƏ
09:46 / 15.07.2026
41

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə bəzi dövlət qurumlarının paytaxtdan kənara köçürülməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində mütəmadi olaraq güncəllənən bir mövzudur, fərq ondadır ki, ənənəvi universitetlər, nazirliklər siyahısına bu dəfə yeni ad əlavə olunub: köçürülməsi istənilən qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA).

Uzun illərdir paytaxtın elmi mərkəzi hesab olunan, yerləşdiyi əraziyə və metro stansiyasına adını verən, həşəmətli, hətta bir az da heybətli Akademiyanın yer dəyişməsi bir epoxanın sonu təəssüratını yaradır. Digər tərəfdən də sual yaranır:

AMEA-nın Bakıdan köçürülməsi onun nüfuzuna və beynəlxalq əməkdaşlıqlarına təsir göstərə bilərmi?

Məsələ ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Nizami Cəfərov Bizim.Media-ya bildirdi ki, dünya təcrübəsində də elm və təhsil ocaqlarının şəhər mərkəzlərindən uzaqlaşdırılması çoxdan mövcuddur:

“Bəzi ölkələrdə bu tipli tarixi binalar elə şəhərin mərkəzində qalır. Amma belə binalar daha çox administrativ idarəçiliyini davam etdirir. Tədqiqat və tədris işləri üçün kənarda daha əlverişli və geniş mühit yaradılır. AMEA-nın, eləcə də universitetlərin sabah daha uyğun bir yerdə yerləşdirilməsi üçün imkan yaradılacaqsa və belə bir qərar qəbul ediləcəksə niyə də olmasın? Elmlər Akademiyasını məşhurlaşdıran onun binası yox, öz nüfuzudur. Bina şərti mənada nüfuz elmblemi, simvolu ola bilər. Amma bütövlükdə söhbət binanın özündən deyil, fəaliyyətindən gedir. Bina hər yerdə var. Əsas onun işi, uğurları, əməkdaşlığıdır. Bizim elm və təhsilimizdə dünyaya inteqrasiya sürətlə gedir, kifayət qədər ciddi uğurlarıməz da var”.  

Akademik onu da vurğulayıb ki, bizim bəzi universitetlərimizin filialları digər şəhər və rayonlarda artıq mövcuddur. Hələ ki bu filialların səviyyəsi mərkəzdəki kimi yüksək olmasını demək çətindir:

“Əlbəttə ki problemlər var. Bunu danmaq olmaz. Amma əgər ümumi bir mərkəzləşmə olacaqsa, onda təbii ki yüksələcək, çünki adətən adlı-sanlı alimlər, böyük mütəxəssislər bölgələrdə az təmsil olunurlar. Elmlər Akademiyasının və nüfuzlu universitetlərin özü bölgələrə gedəcəksə, onda təmsilolunma səviyyəsi də xeyli artacaq. Həm də indiki müasir informasiya-kommunikasiya texnologiyaları şəraitində mərkəzlə bölgələr arasında prinsipcə fərq yoxdur. Yəni bölgələrimizdə də elm və təhsil ocaqlarımız kifayət qədər məhsuldar çalışa bilər”.

0