“Dünyanın ən böyük duzlu gölü sayılan Xəzərin səviyyəsi azalır”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, ekoloq Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, dəniz gözümüzün önündə sahildən uzaqlaşır:
“Artıq Abşeron sahillərində hektarlarla quru sahə əmələ gəlib. 2025–2026-cı illərdə dərc olunmuş elmi məqalələrə və beynəlxalq təşkilatların hesabatlarına nəzər saldıqda durumun kifayət qədər ağır olduğunu görürük. Son 5 ildə 0.93 metr, 10 ildə 1.5 metr, 30 ildə 2.5 metr enmə qeyd alınıb.
Ötən il qeydə alınan illik enmə ən aşağı səviyyələrdən biridir. Peyk məlumatlarından aydın olub ki, 2005-ci ildən Xəzərdə fasiləsiz enmə müşahidə olunub. Xəzər dənizinin çəkilməsini bir sıra amillər şərtləndirir. Bu sırada ilk yeri təbii qlobal iqlim dəyişikliyinin fəsadları tutur”.
Ekspert qeyd edib ki, qlobal istiləşmə və antropogen təsirlər nəticəsində dənizi qidalandıran su hövzələrində səvviyə xeyli aşağı düşüb:
“Yağıntıların, eyni zamanda çaylardan daxil olan suyun azalması Xəzərdə su səviyyəsinin enməsinə gətirib çıxarıb. Xəzər dənizinə daxil olan suyun təxminən 80 faizi Volqa çayının payına düşür. Volqa hövzəsində baş verən istənilən hidroloji dəyişiklik Xəzərin su balansına birbaşa təsir göstərir.
Xüsusən son illərdə Volqa hövzəsində yağıntının miqdarı azalıb, uzunmüddətli quraqlıq dövrləri artıb. Bundan əlavə, Volqa üzərində çoxsaylı su anbarları və su elektrik stansiyaları tikilib. Çaydan sənaye, kənd təsərrüfatı və məişət ehtiyacları üçün su götürmələr çoxalıb”.
Ekoloqun sözlərinə görə, buxarlanma nəticəsində də çayın axımı əhəmiyyətli dərəcədə azalıb:
“Yəni olduqca nadir su hövzəsi olan Xəzər ciddi təhlükə ilə üz-üzə qalıb. Suyun azalması ilk növbədə biomüxtəlifliyə təsir edir. Gölün balıq ehtiyatları azalır, eyni zamanda nəqliyyat infrasturkturu ciddi ziyan görür. Suyun sahildən uzaqlaşması limanların fəaliyyətinə təsir edir, gəmilərin hərəkəti çətinləşir. Sahilyanı ekosistemlər ciddi mənfi təsirlərə məruz qalır.
Həmçinin, dəniz dibinin açılması ilə duzlu və tozlu sahələr yaranır. Güclü küləklər həmin ərazilərdən qalxan duz və toz hissəciklərini ətraf mühitə yayaraq torpaqların şoranlaşmasına, bitki örtüyünün zədələnməsinə və insanların sağlamlığı üçün əlavə risklərin yaranmasına səbəb ola bilər”.
Elman Cəfərli diqqətə çatdırıb ki, ən çox narahatlıq doğuran məqam Xəzərin dayazlaşmasının Azərbaycan üçün ciddi mənfi nəticələrinin olacağıdır:
“Xəzər sahilindəki limanlarda fəaliyyət getdikcə çətinləşir, su bataqlı əraziləri kiçilir, nərəkimilərin kürü tökmə və qidalanma sahələri azalır, nadir növlərdən biri olan Xəzər suitisinin yaşayış mühiti daralır. Ən qorxulu proqnozlardan biri odur ki, dənizdə dayazlaşma davam edərsə, Xəzərdə ekoloji tarazlıq pozula bilər.
Xəzər dənizində su səviyyəsinin azalması ekoloji, iqtisadi və sosial baxımdan çoxşaxəli problemlər yaradır. Ona görə də, Volqa hövzəsində su ehtiyatları səmərəli idarə olunmalı və iqlim dəyişikliklərinə adaptasiya tədbirləri gücləndirilməli, biomüxtəliflik qorunmalı, Xəzəryanı dövlətlər arasında əməkdaşlıq genişləndirilməlidir”.
Elmir Mustafa



