Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 15-də BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ilə görüşü baş tutub.
Görüşün əsas müzakirə mövzusunu cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində əldə olunan razılaşmaların davam etdirilməsi və Azərbaycan ilə UN-Habitat arasında əməkdaşlığın növbəti mərhələsinə dair məsələlər təşkil edib.
Tərəflər vurğulayıblar ki, Forum tarixində ən genişmiqyaslı tədbir kimi 176 ölkədən 58 mindən çox iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın təşəbbüsü ilə irəli sürülən bir sıra mühüm yeniliklərlə yadda qalıb. Xüsusilə qeyd olunub ki, Forum çərçivəsində ilk dəfə Liderlər Seqmenti təşkil edilib və bununla da dayanıqlı urbanizasiya məsələləri dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri səviyyəsində müzakirə olunaraq qlobal şəhərsalma gündəliyində daha yüksək siyasi əhəmiyyət qazanıb.
Həmçinin bildirilib ki, WUF13 çərçivəsində qəbul edilən qərarlar və irəli sürülən təşəbbüslər gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. “Bakı Fəaliyyətə Çağırış” və “Sədrin Xülasəsi” sənədlərinin qəbulu, “Bakı Şəhərsalma Mükafatı”nın təsis edilməsi, eləcə də yeni beynəlxalq əməkdaşlıq platformalarının formalaşdırılması çoxtərəfli və çoxsəviyyəli tərəfdaşlığın genişləndirilməsinə töhfə verən mühüm nəticələr kimi qiymətləndirilib.
Bu kontekstdə tərəflər WUF13 irsinin davam etdirilməsi, əldə olunan razılaşmaların praktiki icrası və birgə təşəbbüslərin reallaşdırılması üzrə növbəti addımları müzakirə ediblər.


