Tovuzda döyüşlər yenidən alovlandı - RƏSMİ

ÖLKƏ
09:14 / 16.07.2020
1977

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 89 dəfə pozub.

Müdafiə Nazirliyindən Hit.Az-a verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Acarlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

***

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

Bu barədə HİT.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

0