Azərbaycanda çörəyin qiymətinin ucuzlaşması gözlənilir? - ŞƏRH

İQTİSADİYYAT
13:55 / 18.07.2023
643

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında çörəyin qiyməti ucuzlaşıb.

Belə ki, orada 300 qramlıq çörək artıq 45 qəpiyə deyil, 40 qəpiyə satılır. Həmçinin, son zamanlarda dünya bazarında da taxılın və un məmulatlarının ucuzlaşması müşahidə olunur.

Yəni bütün bunların fonunda Azərbaycanda çörəyin qiymətinin yenidən ucuzlaşması gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu il ölkədə çörəyin qiyməti iki dəfə ucuzlaşıb:

330156

"Yəni 650 qramlıq çörəyin qiyməti öncə 70 qəpikdən 65 qəpiyə, sonra isə 65 qəpikdən 60 qəpiyə düşüb. Əslində çörəyin ucuzlaşması təkcə Naxçıvanda deyil, bütün ölkə ərazisində baş verir. Çörəyin çəkisini azaldıb qiymətini 40 qəpik də edə bilərlər. Çəkini dəyişərək qiyməti aşağı salmaq iş deyil axı. Amma bundan sonra çörəyin qiymətinin ucuzlaşıb-ucuzlaşmayacağı dünyadakı taxıl bazarındakı qiymətlərdən asılı olacaq".

Ekspert diqqətə çatdırıb ki, artıq Rusiya "Taxıl sazişi"ndən çıxıb:

"Artıq Ukrayna taxıl dəhlizi fəaliyyətini dayandırıb. Onun dünyadakı taxıl və buğda qiymətlərinə necə təsir edəcəyi isə gələcək müşahidələrdən sonra bilinəcək. İndidən bu barədə fikir söyləmək olmaz. Amma "Taxıl sazişi"nin qüvvədə olduğu son 12 ayda dünyadakı taxıl və buğda qiymətləri 30 faizə qədər ucuzlaşıb. Azərbaycanın un bazarında da bu eniş müşahidə olunur. Hətta unun qiyməti əhəmiyyətli surətdə, yəni 30-35% ucuzlaşıb. Amma "Taxıl sazişi"nin fəaliyyətini dayandırması qiymətlərin qalxması ilə bağlı narahatçılıq yaradır. Təbii ki, bu baş verəcəyi təqdirdə, çörəyin qiymətində ucuzlaşma gözlənilməyəcək".

Pərviz

0