"Prius"lara maraq niyə kəskin artıb? - AÇIQLAMA

İQTİSADİYYAT
15:02 / 19.07.2023
637

Son zamanlarda Azərbaycanda "Toyota Prius" markalı avtomobillərin satışında kəskin artım müşahidə olunur.

Əvvəllər daha çox taksi sürücüləri bu avtomobilləri alsa da, indi istənilən peşə sahibinin sözügedən modeli seçdiyini görürük. Hətta gün ərzində şəhərdə qarşılaşdığımız avtomobillərin sayının yarısından çoxunun "Prius" olduğunu desək, yanılmarıq. Yəni bu avtomobillərə tələbat həddindən artıq çoxdur. 

Bəs haqqında bu qədər mənfi məlumat yayılan, tez-tez törətdiyi qəzalarla gündəmə gələn "Pirus"a ölkəmizdə marağın artmasına səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, "Prius" markalı avtomobillərin ölkəmizdə çox olmasının bir neçə səbəbi var:

330236

"Bu səbəblərdən ən başlıcası sözügedən avtomobillərin iqtisadi cəhətdən çox əlverişli olmasıdır. Həmçinin, "Prius"lar əlçatandır və çevikdir. Bununla yanaşı, sürücülər və sərnişinlər tərəfindən avtomobildə narahatçılıq və ya diskomfort hissləri yaşanmır. Ümumiyyətlə, Yaponiya istehsalı olan "Toyota" avtomobillərinin ölkəyə idxalı da ucuz başa gəlir. Eyni zamanda, "Prius"larda müasir texnologiyanın istənilən sahəsi tətbiq olunub. Bu avtomobillərin ehtiyat hissələri və servis xidmətləri də ucuz olduğunu nəzərə almaq lazımdır. Yəni bu kimi səbəblərə görə "Prius" markalı avtomobillər daha cəlbedicidir".

Ekspert vurğulayıb ki, "Prius"ların çox qəza törətməsi avtomobillərlə deyil, onların sürən şəxslərlə bağlıdır:

"Hər bir avtomobili ehtiyatsız, diqqətsiz, sürücülük vəsiqəsi olmadan, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında idarə edəndə qəza baş verər. Həmçinin, psixoloji vəziyyəti yerində olmayan, yorğun və ya yuxusuz sürücülər də istənilən avtomobili idarə etsə, qəza törədəcək. Yəni qəzanın baş verməsi avtomobildən yox, onu sürəndən asılıdır".

Pərviz

0