Sərhədlər bağlı, biletlər baha: Xaricdə oxuyan tələbələrə güzəşt olunacaq?

ÖLKƏ
22:22 / 09.08.2023
575

"Xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün yeni tədris ilində aviabiletlərin qiyməti endirilməlidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib. Ekspert təəssüf hissi ilə qeyd edib ki, cəmi bir aydan sonra yeni tədris ilinin başlanmasına baxmayaraq, ali təhsillə bağlı bir sıra problemlər hələ də öz həllini gözləməkdıdir: 
 
"Onlardan biri də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlıdır. Lakin bu mövzu gündəmə gətirilmir. Cəmi bir aydan sonra dərslər başlayacaq, lakin quru yollar bağlıdır, yalnız təyyarə ilə harasa gedib-gəlmək mümkündür. Bu hədindən artıq bahalı biletlər deməkdir, tələbələrin özləri və ailələri üçün çətinlik yaradan amildir”. 

Ekspert əlavə edib ki, bu problemlə bağlı təhsilini yarımçıq qoyan, donduran, imtina edən gənclərin sayı da çoxluq təşkil edir: 

"Rusiya, Türkiyə, yaxın çevrədə təhsil alan tələbələr bu səbəbdən təhsilini yarımçıq qoyublar. Belə getsə yəqin ki, imkanı olmayan tələblərin hamısı təhsildən imtina edəcəklər. Bu da vaxt, maliyyə, motivasiya, bəlkə də gələcək itkisi olacaq. Bir müddət əvvəl problem Milli Məclisdə qaldırılmışdı. Deputat Ceyhun Məmmədov bununla bağlı fikir səsləndirib, təklif irəli sürmüşdü ki, xaricdə oxuyan tələbələrlə bağlı müəyyən bir stimullaşdırıcı addımlar atılsın, güzəştlər paketi həyata keçirilsin. İlk növbədə aviabiletlərin qiyməti ilə bağlı təklif vermişdi. Bildirilmişdi ki, xaricdən Azərbaycana gələn soydaşlarımızın biletlərinə müəyyən endirimlər edilsin. Həqiqətən də onlar çıxılmaz vəziyyətdədirlər”.
 
Elmin Nuri bildirib ki, həmin tələbələrin əksəriyyətinin maliyyə imkanları olmadığından onlar iki ildir ailələri ilə görüşə bilmir: 

"Xaricdə oxuyan tələbələrlə bağlı təkcə aviabiletlərin qiyməti ucuzlaşmamalıdır. Bu istiqamətində işlər görülməyib. Amma bununla bağlı bir neçə təklif irəli sürərdim. Birinci, əgər onlarla bağlı güzəştlər paketi hazırlansa, nəqliyyat xərclərinin aşağı salınması müsbət hal ola bilər. İkinci, nəzərə alaq ki, bu gənclər həm də aktiv, dinamik təbəqəyə aiddirlər, ictimai fəallığı digərlərindən daha çox olan şəxslər siyahısındadırlar. Onlara ölkəmizi yaşadığı yerdə Azərbaycanın həqiqətlərini müsbət istiqamətdə dünyaya yaymaqdan ötrü əlavə maddi dəstək vermək lazımdır. Onlar da bu vəsaitin qarşılığında ildə bir dəfə müəyyən bir hesabatla çıxış edə bilərlər. Bu hər iki tərəf üçün faydalı ola bilər”. 

Elmin Nuri hesab edir ki, onların təhsil aldıqları ölkələrdə yerli diasporlarımızın vasitəsi ilə əlaqələri genişləndirmək üçün müəyyən stimullaşdırıcı addımlar atılmalıdır: 

"Bu, həmin tələblərin maddi durumuna da təsir göstərməlidir. İstəlinən ölkədə azərbaycanlı iş adamları var. Həmin iş adamları bu proqramlara dəvət edilməli, onların ianələri intelektual tələbələrə yatırılmalıdır. Bu, ölkəmiz adına böyük uğur ola bilər. Digər tərəfdən, xaricdə oxuyan tələbələrin ən azı 50%-i üçün müəyyən təqaüd proqramı hazırlamaq olar. Simvolik olaraq onlara aylıq təqaüd ayrılsa, aviabiletləri özləri də ala bilərlər. Belə təkliflərin sayını daha da artırmaq mümkündür".

0