“Onun “Azərişıq”a borcu olmayıb” – Masallıda son durum

ÖLKƏ
12:32 / 27.05.2020
1212

Masallının Yeddioymaq kəndinin icra nümayəndəsi İlqar Qafarov "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama verib.

HİT.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a danışan İlqar Qafarov hadisə zamanı vurulan şəxsin xəstəxanaya aparıldığını, vəziyyətinin normal olduğunu bildirib.

O, həkim müayinəsindən sonra yaralanan şəxsin səhhətinin tam normallaşdığını deyib: “Digər iki şəxsin də səhhətində problem yoxdur, normaldır”.

İlqar Qafarov olayın hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını qeyd edib: “Məsələ araşdırılıb. “Azərişıq”ın əməkdaşları kənd sakini Mansur Şahmuradovdan tələb ediblər ki, borcunu ödəsin, əks təqdirdə işığın verilməsi dayandırılacaq. O da borcu olmadını bildirərək, buna etiraz edib. Nəticədə “Azərişıq”ın əməkdaşları ilə kənd sakini arasında mübahisə yaranıb.

Mənə elə gəlir ki, “Azərişıq”ın əməkdaşları ora gələrkən onun borcunun olub-olmamasını bilmək üçün kompüterə baxmayıblar. Hadisə baş verəndən sonra kompüterə baxdıqda məlum olub ki, həmin şəxs olaydan iki gün əvvəl 140 manat borc ödəyib”.

İcra nümayəndəsi kənd sakini Mansur Şahmuradovun “Azərişıq” ASC-nin əməkdaşlarını canlı güllə ilə vurmadığını söyləyib: “Bu avtomat gülləsi və ya canlı mərmi deyil ki, zərbəsi öldürücü olsun. Bu canlı güllə deyil, “seçmə”dir. Bu da qolun yuxarı hissəsindən tutub. Digər iki nəfərin isə qollarını cızıb. Yəni, narahatlığa əsas yaradan heç bir şey yoxdur. Bu olayı törədən şəxs də saxlanılıb, hazırda polis nəzarətindədir”.

Qeyd edək ki, mayın 26-da Masallı rayonunun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

0