Belçika XİN rəhbərinin bölgəyə səfərindəki məqsəd nədir? - RƏY

12:33 / 22.08.2023
489

Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana və Azərbaycana gələcək. Onun Ermənistana səfəri bu gün baş tutacaq. Hadija Labib Ermənistandan sonra isə Azərbaycana səfər edəcək.

Maraqlıdır, regiona edilən bu səfərin məqsədi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, bölgəyə edilən belə səfərlər o qədər də təəccüblə qarşılanmamalıdır:

"Çünki son dövrlərdə Azərbaycan-Ermənistan şərti sərhəddində hərəkətlilik müşahidə olunur və durmadan təxribatlara məruz qalırıq. Üstəlik, Ermənistan 750 milyon dollar dəyərində Hindistandan silahlar aldı. Həmin silahların da İran üzərindən Ermənistana daşınması ilə bağlı ortada faktlar və görüntülər var. Bütün bunların fonunda bölgənin yenidən "qaynar qazan"a dönməsi ehtimalı olduqca yüksəkdir. Xüsusilə, Rusiyanın təxribatı nəticəsində Xankəndidə Araik Arutyunyan və Ruben Vardanyan qarşıdurması, eləcə də separatçıların Azərbaycana inteqrasiya olmaq istəyən ermənilərə belə mane olması bütün bu proseslərin dalana dirənməsindən xəbər verir".

332332

Politoloq xatırladıb ki, indiyə kimi Brüssel, Vaşinqton, Moskva və Soçidə dəfələrlə görüşlər keçirilib: 

"Ancaq Rusiyada keçirilən görüşlərdən fərqli olaraq, Avropada keçirilən görüşlərdə ən azından şifahi də olsa razılıqlar əldə olunduğu və prosesin düyün nöqtəsinin çözülməsi istiqamətində müəyyən müsbət notlarla yadda qaldığını görmüşük. İndi də Belçikanın xarici işlər nazirinin Ermənistan və Azərbaycana səfəri çox güman ki, Avropanın sülh prosesində maraqlı olduğunu göstərmək üçün təşkil etmiş olduğu bir səfərdir. Hesab edirəm ki, Qərb anlamalıdır ki, Avropa və ABŞ heç bir halda bölgədə sülhün təminatçısı kimi çıxış edə bilməz. Nə qədər ki, bölgədə Rusiya var, regionda sülhdən söhbət belə getməyəcək. Ona görə də Qərb Rusiyanı bölgədən çıxarmaqla bağlı müəyyən addımlar atmalıdır".

Rusif Məmmədsoyun sözlərinə görə, özünü Qərbpərəst və sülhpərvər kimi qələmə verən Nikol Paşinyana da "qulaqburması" verilməlidir:

"Üstəlik, Rusiyaya sanksilar tətbiq olunduğu bir zamanda Ermənistanın bu ölkə ilə əməkdaşlığı da dərinləşir. Bununla yanaşı, Rusiya Ermənistandakı köçürmələr vasitəsilə sanksiyalardan yayınaraq ixracını da artırır. Ona görə də Paşinyan mütləq şəkildə Qərb tərəfindən cəzalandırılmalıdır. Onlar anlamalıdırlar ki, bu gün Ukraynaya yardımı əsirgəməyən bir Azərbaycan, ancaq Rusiyaya sanksiyalardan yayınmağa yardım edən bir Ermənistan var. Kimin nə qədər Rusiyapərəst olduğunu özləri də müqayisə etməlidirlər. Buna görə də belə səfərlərin məqsədi bəlli olsa da, bu məsələlərə də mütləq şəkildə diqqət yetirilməlidir".

Pərviz

0