"TikTok" üçün VPN yükləməyə dəyərmi?

TEXNO
18:40 / 13.10.2023
2928

Hansısa sosial şəbəkəyə məhdudiyyət tətbiq ediləndə gündəmə dərhal VPN gəlir.

Daha doğrusu, insanların ağlına ilk gələn yol bu olur. Bəzi insanlar məhdudiyyətə rəğmən istədiyi sosial şəbəkəyə daxil olmaq üçün VPN yükləyir. Bu isə olduqca təhlükəli addımdır. Çünki həmin tətbiqlərdən istifadə edənlər avtomatik olaraq telefonlarındakı məlumatları başqa şəxslərə ötürürlər. Üstəlik, bununla bağlı dəfələrlə olunan xəbərdarlıqlara da məhəl qoymurlar. Hətta VPN-ləri telefonlarına yükləyəndə "Google" tərəfindən göstərilən xəbərdarlığı belə gözardı edirlər. 

Axı niyə?
Nə üçün şəxsi məlumatlarınızı başqaları ilə bu qədər asan şəkildə bölüşürsünüz? Eyni evin içindəki doğmalarımızla məlumatlarını paylaşmamaq üçün telefonumuzu koda qoyuruq. Amma çox bəsit şəkildə bütün bank və şəxsi məlumatlarınızı başqalarının əlinə keçməsinə şərait yaradırıq. Görürsünüz, necə də mənasız səslənir? Amma fakt odur ki, bu, hər dəfə belə olur.

Son zamanlarda ölkəmizdə bir neçə dəfə qısamüddətli şəkildə "TikTok"a məhdudiyyət tətbiq olunub. Bunun da səbəbi müharibə və ya əməliyyatlar hərbi məlumatların düşmənin əlinə keçməsinin qarşısını almaqdır. Əlbəttə ki, son dərəcə doğru və başadüşülən addımdır. Amma bunu da anlamayan insanlar hər şeyə rəğmən "TikTok"a daxil olmağa can atırlar. İnsanlar "TikTok"da gic-gic videolara baxa bilmək üçün şəxsi məlumatlarının başqalarının əlinə keçməsi bahasına VPN yükləyirlər. 

Maraqlıdır ki, VPN-lə "TikTok"a daxil olanlar sadəcə sözügedən platformanın "kəşfet" bölməsindəki mənasız videolara saatlarla baxırlar. Dövlətin məhdudiyyət tətbiq etdiyi bir platformaya daxil olmaq heç bir məntiqə sığmır. Bir neçə gün "TikTok"a daxil olmayanda, oradakı videoları izləməyəndə dünya dayanmır. 

Nə üçün bunu anlamırsınız? Nə üçün qaydalara riayət etmirsiniz? Bu, ilk növbədə sizin üçündür. Nəzərə alın ki, həmin VPN-lər sizə bu xidməti qarşılıqsız vermirlər. Siz VPN-dən istifadə edib hansısa mənasız videoya baxaraq "vaxt öldürdüyünüz" zaman məhz həmin tətbiq vasitəsilə sizin şəxsi məlumatlarınız oğurlanır. Siz isə bunu öncədən bilməyinizə rəğmən riskə gedirsiniz. Nə deyək, çox heyf...

Pərviz

0