Putin Makrona qarşı SƏRT ADDIMLAR ata bilər

DÜNYA
10:19 / 28.03.2024
436

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransanı tənqid edib. 

O bildirib ki, Cənubi Qafqazın gələcəyi Fransa üçün yalnız Rusiya ilə hibrid müharibə və Afrika qitəsində uğursuzluqlar fonunda öz nüfuzunu qorumaq üçün bir vasitədir.

Zaxarova diqqətə çatdırıb ki, Fransanın Cənubi Qafqazdakı mövcudluğu kəşfiyyat xarakteri daşıyır:

"Fransanın Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatlarının toplanması, region dövlətlərinin monitorinqini aparmaq və ölkələrimiz arasında əldə olunmuş sülh sazişlərinin icrasına mane olmaq cəhdidir”.

Beləliklə, rəsmi Moskva Fransanın Azərbaycanla Ermənistan arasında vasitəçilikdə etmək niyyətində olmadığını, Parisin əsl məqsənin başqa olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. 

Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib ki, Fransanın Cənubi Qafqazdakı varlığı, Rusiya-Ermənistan gərginliyi fonunda bu ölkədə Kremlin təsir gücünün azalması Moskvanı narahat edir:

346687

"Xüsusən də Rusiya Fransanın regiondakı fəaliyyətindən narazıdır. Fransa faktiki olaraq Avropa İttifaqının mülki missiyası adı altında regiona öz jandarm qüvvələrini gətirib, habelə Ermənistanı aktiv şəkildə silahlandırır. Əlbəttə ki, bütün bunlar Kreml üçün qəbuledilməzdir. Aydın məsələdir ki, Rusiya bu məsələdə Ermənistanı Fransaya güzəşt etmək niyyətində deyil. Belə olan təqdirdə də, bu tipli açıqlamaların verilməsi normaldır".

Ekspert hesab edir ki, Rusiya Fransanın Cənubi Qafqazda artan mövqeyinə qarşı fərqli vasitələrə əl atacaq:

"Bu isə tərəflər arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Hibrid müharibəni isə tərəflər arasında elan edilməmiş bir müharibə kimi qiymətləndirmək olar. Dövlətlər rəsmi şəkildə olmasa da, siyasi, diplomatik və hərbi müstəvidə sürtüşmə yaşayırlar".

Turan Rzayev diqqətə çatdırıb ki, Rusiya Fransa ilə rəqabət fonunda həm də Ermənistandakı anti-Qərb qüvvələrini aktivlikləşdirə bilər:

"Bununla da öz dayaqlarını möhkəmləndirməyə çalışacaq. Təbii ki, Kreml son ana qədər Nikol Paşinyan hökumətinə müdaxilə etməyəcək. Lakin aydın məsələdir ki, Moskva buna sona qədər dözmək niyyətində də deyil. Yəni Rusiya gec-tez Paşinyana və onun Avropa meyilli siyasətinə qarşı daha radikal və effektiv addımlar atacaq". 

Pərviz

0