10 min nəfərlik araşdırma tənhalıq və demensiya arasındakı incə xətti ortaya çıxardı

SAĞLAMLIQ
20:43 / 22.04.2026
140

Tənhalığın yalnız emosional vəziyyət olmadığı, eyni zamanda yaddaş və idrak funksiyalarına təsir göstərə bildiyi uzun müddətdir müzakirə olunur. 10 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı araşdırma bu mövzunu daha da aydınlaşdıraraq, tənhalıq hissinin demensiyaya birbaşa səbəb olmadığını, lakin idrak funksiyalarında zəifləmə ilə əlaqəli ola biləcəyini göstərib.

HİT.az xəbər veri ki, “Aging and Mental Health” jurnalında dərc olunan tədqiqatda 65–94 yaş aralığında olan 10 mindən çox insan altı il ərzində izlənilib. Nəticələr tənhalıq hissi ilə yaddaş problemləri arasında əlaqə olduğunu təsdiqləsə də, bunun təkbaşına xəstəlik yaradan bir amil olmadığını ortaya qoyub. 

Mütəxəssislər idrak zəifləməsi ilə demensiya arasındakı fərqin düzgün anlaşılmasının vacibliyini vurğulayırlar. İdrak funksiyalarının ümumi yavaşlaması hər zaman xəstəlik demək deyil, demensiya isə Alzheimer kimi xəstəlikləri də əhatə edən və insanın gündəlik həyatdakı müstəqilliyini ciddi şəkildə məhdudlaşdıran klinik vəziyyətdir. Araşdırma, özünü tənha hiss edən insanlarda unutqanlığın daha çox müşahidə edildiyini göstərsə də, bu halın birbaşa demensiyaya səbəb olduğuna dair qəti sübut təqdim etmir.

Bəzən tənhalıq tək başına deyil, digər sağlamlıq problemləri ilə birlikdə ortaya çıxır. Məsələn, diabet, yüksək qan təzyiqi və ya depressiya kimi xroniki xəstəliklər də idrak funksiyalarına təsir göstərə bilər. Diabetin beynin enerji istifadəsini dəyişdirməsi yaddaş zəifləməsində əsas faktor ola bilər. Bu səbəbdən mütəxəssislər hər unutqanlığı ciddi nevroloji xəstəliklə əlaqələndirməyin əsassız narahatlıq yaratdığını bildirirlər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də tənhalığın subyektiv xarakter daşımasıdır. Sosial əlaqələrin güclü olduğu düşünülən Cənubi Avropa ölkələrində belə tənhalıq səviyyəsinin yüksək çıxması, əsas amilin insan sayı deyil, münasibətlərin keyfiyyəti olduğunu göstərir. Sevindirici məqam isə beynin yüksək uyğunlaşma qabiliyyətinə malik olmasıdır. Tənhalıqla bağlı yaranan yüngül idrak problemləri, sosial əlaqələr gücləndirildikdə və insan aktiv sosial həyata qayıtdıqda yaxşılaşa bilər.

Səhiyyə mütəxəssisləri artıq yalnız yaddaş testlərinə deyil, sosial əlaqələrin də sağlamlıq göstəricisi kimi qiymətləndirilməsinə ehtiyac olduğunu bildirirlər. Sosial aktivlik düzgün qidalanma və fiziki hərəkət kimi qoruyucu sağlamlıq tədbirləri sırasında yer almalıdır. Nəticə olaraq, tənhalıq təkbaşına demensiya yaratmır, lakin güclü sosial həyatın zehni sağlamlığın qorunmasında mühüm rol oynadığı bir daha təsdiqlənir.

Samir

0