Azərbaycanda hansı qan qrupu çətin tapılandır? - Rəsmi

SAĞLAMLIQ
23:34 / 18.07.2024
377

Keçdiyimiz günlərdə qanvermə aksiyası keçirilib. Qan qrupundan asılı olmayaraq yüzdən artıq sakin bu aksiyalarda iştirak ediblər. Hətta növbəti "Respublika Qan Bankı"-da yaradılıb. 

Bəs ümumiyyətlə, Azərbaycanda hansı qan qrupuna ehtiyac daha çoxdur? Hansı qan qrupu daha asan, hansı isə nisbətən çətin tapılandır?

Məsələ ilə bağlı Bizim.Media Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna (Mərkəzi Qan Bankı) müraciət edib.

Mərkəzi Qan Bankından bildirilib ki, bütün qan qruplarından istifadə olunur. Azərbaycanda və eləcə də dünyada ən çox rast gəlinən 0(I) Rh pozitiv qan qrupudur. Növbəti ardıcıllıqda isə A (II) Rh pozitiv, B (III) Rh pozitiv, AB (IV) Rh pozitiv qan qruplarıdır. Gün ərzində isə bütün qan qruplarına tələbat olur. 

Həmçinin qurumdan məlumat verilib ki, hazırda daha çox 0 (I) Rh pozitiv və A (II) Rh pozitiv qan qruplarına ehtiyac var. Bütün dünyada rəqəmlər demək olar ki, eynidir. İnsanların 15 faizində mənfi rezurs mənsubiyyəti, digərlərində isə müsbət rezurs mənsubiyyəti var. Rezurs-mənfi qan qrupu olan insanlara ancaq rezurs-mənfi qan vurmaq lazımdır. Həmçinin, hər insana özünə mənsub olan qan qrupunun köçürülməsinə çalışmaq lazımdır. Universal donorlar mövcuddur.  Məsələn, 0(I) qan qrupunu bütün qan qruplarına vurmaq mümkündür.

Eyni zamanda ən az rast gəlinən qan qruplarının B(III) Rh neqativ və AB(IV) Rh neqativ olduğu bildirlib.

Qanın saxlanma müddəti məsələsinə də aydınlıq gətirilib. Məlumata görə, eritrosit kütləsi qanın tərkibindəki qoruyucu maddədən asılı olaraq bir ay və ya 35 gün saxlanıla bilər. Bu baxımdan hər ay bu ehtiyat yenilənməsi üçün mütəmadi donorluğa ehtiyac var. 

Əlavə edilib ki, Bakı və rayon bölmələrində hazırda kifayət qədər qan və qan komponentləri mövcuddur.

0