Göz qırpmaq insan orqanizminin nəfəs almaq kimi təbii bir prosesi olsa da, çox az insan onun əhəmiyyətini düşünür.
HİT.az xəbər verir ki, bu barədə gazeta.ru nəşrinə açıqlama verən oftalmoloq, mikrocerrah və tibb elmləri namizədi Svetlana Mirqorodskaya göz qırpmanın funksiyalarını izah edib.
Mütəxəssisin sözlərinə görə, göz qırpmanın əsas funksiyalarından biri göz səthinin nəmləndirilməsidir. Bu refleks, göz yaşı mayesini bərabər şəkildə yayaraq konjonktivanın və buynuz qişanın qurumasının qarşısını alır. Eyni zamanda, göz səthini hamar, buynuz qişanı isə parlaq və güzgü kimi edir.
"Əgər insan göz qırpmağı dayandırsa, gözün selikli qişası qurumağa başlayacaq və bir sıra problemlər yaranacaq: gözlərdə narahatlıq, qum hissi, yanma, qızartı və hətta görmənin müvəqqəti pisləşməsi müşahidə ediləcək. Lakin göz qırpmaqla görmə müvəqqəti olaraq normallaşa bilər", deyə Mirqorodskaya bildirib.
Bundan əlavə, göz qırpma göz səthini mikrohissəciklərdən, tozdan və çirklənmədən qoruyur. Lakin mütəxəssis qeyd edir ki, bu proses yalnız kiçik hissəciklər üçün keçərlidir. Daha böyük yad cisimlər gözə düşdükdə, mütləq həkimə müraciət etmək lazımdır.
Həkim əlavə edib ki, göz qırpma gözlərin mexaniki müdafiəsini də təmin edir. Bu refleks çox sürətli işləyir və xüsusilə külək, parlaq işıq və ya kəskin səslər kimi qıcıqlandırıcı faktorlara qarşı dərhal reaksiya verir. Belə sürətli refleks gözü zərbədən, yad cisimlərdən və digər mexaniki təsirlərdən qorumağa kömək edir.
Mirqorodskayanın sözlərinə görə, göz qırpma emosional və görmə yorğunluğunu azaltmağa da kömək edir.
"Nevrofizioloqlar sübut ediblər ki, emosional gərginlik, narahatlıq və qorxu zamanı insan daha tez-tez göz qırpmağa başlayır. Bu, duyğuları idarə etməyə və diqqəti yayındırmağa kömək edir. Bundan əlavə, görmə yükü artdıqda tez-tez göz qırpmaq gözün ön hissəsində qan dövranını yaxşılaşdırır və göz funksiyalarını dəstəkləyir", deyə həkim vurğulayıb.
Samir