Yuxu zamanı bədənin vəziyyəti ürəyə təsir göstərə bilər, xüsusilə də ürək-damar xəstəlikləri olan insanlarda. Kardioloqlar hansı pozanın daha əlverişsiz sayıldığını və bunun səbəbini açıqlayıblar.
Hit.az xəbər verir ki, kardioloq Çenq-Han Çenin sözlərinə görə, sol böyrü üstə yatmaq ürəyə əlavə yük yarada bilər.
O izah edib ki, ürək sinənin sol tərəfində yerləşdiyi üçün bu vəziyyətdə ürək kameralarına təzyiq arta bilər.
Sağlam insanlar üçün bu adətən ciddi problem yaratmır, lakin ürək çatışmazlığı və digər xəstəliklər zamanı bu poza narahatlıq və vəziyyətin pisləşməsinə səbəb ola bilər.
Kardioloq qeyd edib ki, xroniki ürək çatışmazlığı olan pasiyentlər çox vaxt sağ böyrü üstə yatdıqda özlərini daha yaxşı hiss edirlər.
Mütəxəssislərə görə, digər potensial zərərli poza arxası üstə yatmaqdır – xüsusilə obstruktiv yuxu apnesi olan insanlar üçün.
Kardioloq Ketrin Vaynberq izah edib ki, bu vəziyyətdə dil və boğazın yumşaq toxumaları nəfəs yollarını bağlaya bilər və yuxu zamanı nəfəsin qısa müddətli dayanmasına səbəb ola bilər.
Yuxu apnesi yüksək təzyiq, insult, ürəyin işemik xəstəliyi və ürək çatışmazlığı kimi ciddi ürək-damar riskləri ilə əlaqələndirilir.
Yuxu zamanı orqanizm ürək-damar sistemini bərpa edir. Yuxunun azlığı və ya keyfiyyətsizliyi piylənmə, 2-ci tip diabet və yüksək təzyiq riskini artıra bilər.
Mütəxəssislər gündə ən az 7 saat yuxu almağı və sabit yuxu rejiminə riayət etməyi tövsiyə edirlər.
Həkimlər həmçinin aşağıdakı əlamətlərə diqqət yetirməyi məsləhət görürlər:
* güclü xoruldama
* səhər baş ağrısı
* gün ərzində davamlı yorğunluq
* gecə tez-tez oyanma
* yuxuya getməkdə çətinlik
Kardioloqlar vurğulayırlar ki, bu simptomlar varsa, həkimə müraciət etmək vacibdir, çünki yuxu problemləri ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Samir


