Səyahətlərin insan orqanizminə kompleks fizioloji təsir göstərə biləcəyi, maddələr mübadiləsinə, stress səviyyəsinə və immun sistemin işinə təsir etdiyi müəyyən edilib.
HİT.az xəbər verir ki, bu nəticəyə Edit Kovan Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Journal of Travel Research” (JTR) jurnalında dərc olunub.
Alimlərin fikrincə, müsbət səyahət təcrübəsi orqanizmdə bioloji “entropiyanı” — sistemin sabitliyini pozan proseslərin cəmini azalda bilər. Bu isə maddələr mübadiləsi, neyroendokrin fəaliyyət və immun cavablar daxil olmaqla fizioloji funksiyaların daha stabil işləməsi ilə nəticələnir.
Tədqiqatçılar bildirirlər ki, yeni mühit və təəssüratlar beynin fəaliyyətini aktivləşdirir, idrak proseslərini stimullaşdırır və enerji mübadiləsində dəyişikliklər yaradır. Bundan əlavə, səyahətlər zamanı adətən müşahidə olunan yüngül fiziki aktivlik qan dövranını yaxşılaşdırır, əzələ funksiyasını dəstəkləyir və toxumaların oksigenlə təmin olunmasını artırır.
Əsas mexanizmlərdən biri kimi xroniki stressin azalması göstərilir. Müsbət emosiyalar və istirahət hormon balansının normallaşmasına, o cümlədən stress hormonlarının səviyyəsinin enməsinə səbəb olur. Bu da immun sistemin və bərpa proseslərinin daha effektiv işləməsinə şərait yarada bilər.
Ümumilikdə bu dəyişikliklər ürək-damar sistemi, dayaq-hərəkət aparatı və metabolik sağlamlıq üzərində müsbət təsir göstərə bilər. Lakin tədqiqatçılar qeyd edirlər ki, effekt səyahətin xarakterindən asılıdır: həddindən artıq yorğunluq, stress və ya infeksiya riski bu faydanı azalda bilər.
Müəlliflərin fikrincə, nəticələr hələ əlavə araşdırmalar tələb edir, lakin səyahətlərin orqanizmin fizioloji dayanıqlığını dəstəkləyən əlavə amil ola biləcəyi ehtimal edilir.
Samir


