Kartof sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin onun faydalılığı əsasən hazırlanma üsulundan asılıdır. Diyetoloqlar bildirirlər ki, kartof qızardılmadığı və yüksək kalorili əlavələrlə təqdim edilmədiyi halda orqanizm üçün dəyərli qida məhsuludur.
HİT.az xəbər verir ki, "Martha Stewart" nəşrinin yazdığına görə, ağ və sarı kartof arasında qida dəyəri baxımından böyük fərq yoxdur. Hər iki növ oxşar miqdarda kalori, karbohidrat və lif ehtiva edir, lakin mikroelement tərkibləri müəyyən qədər fərqlənir.
Diyetoloq Cennifer Bruning bildirib ki, adi kartof yağsız məhsuldur və əsasən karbohidrat, az miqdarda zülal və sudan ibarətdir. Onun sözlərinə görə, kartof B6 vitamini, C vitamini və kaliumun yaxşı mənbəyidir.
Diyetoloq Emi Devis isə qeyd edib ki, bəzi kartof növləri şirin kartofdan daha çox kalium ehtiva etsə də, şirin kartof beta-karotin baxımından daha zəngindir.
Mütəxəssislər bildirirlər ki, bişirilib soyudulan kartofdakı nişastanın bir hissəsi rezistent nişastaya çevrilir. Bu maddə prebiyotik xüsusiyyət daşıyır, bağırsaq mikroflorasını dəstəkləyir, insulinə həssaslığın yaxşılaşmasına kömək edə və toxluq hissini daha uzun müddət saxlaya bilər.
Kartofun tərkibində həmçinin mis, maqnezium, tiamin və niasin də mövcuddur. Orta ölçülü qabıqlı kartof 620–926 mq kalium, gündəlik C vitamini ehtiyacının təxminən 45 faizini və B6 vitamini ehtiyacının təxminən 10 faizini təmin edir.
Diyetoloqlar kartofun zülal, nişastasız tərəvəzlər və sağlam yağlarla birlikdə balanslaşdırılmış qida rasionunda istehlak edilməsini tövsiyə edirlər. Bu, həzmi yavaşladır və qanda şəkərin səviyyəsinin daha sabit qalmasına kömək edir.
Mütəxəssislərin fikrincə, kartofun faydasını qorumaq üçün onu:
* sobada bişirmək;
* buxarda hazırlamaq;
* az yağla tavada bişirmək;
* qabığı ilə birlikdə istehlak etmək daha məqsədəuyğundur.
Onlar vurğulayırlar ki, kartofun mənfi reputasiyası əsasən kartof fri, çips və digər yağda qızardılmış məhsullarla əlaqədardır. Problem kartofun özündə deyil, onun hazırlanma üsulundadır.
Samir

