Qalxanabənzər vəz xəstəlikləri asanlıqla gözdən qaçırıla və ya başqa problemlərlə əlaqələndirilə bilən simptomlarla özünü göstərə bilər. Tibbi səbəblərlə yanaşı, ətraf mühitdəki bəzi maddələrin təsiri də endokrin sistemin fəaliyyətini poza və bu vəzin sağlamlığına təsir göstərə bilər.
HİT.az xəbər verir ki, Endokrinoloq Andra Neaçu “Digi24.ro” portalına açıqlamasında qalxanabənzər vəz xəstəliklərinin əsas əlamətlərini və hansı hallarda həkimə müraciət edilməsinin tövsiyə olunduğunu izah edib.
Qalxanabənzər vəz nədir və orqanizmdə hansı rolu oynayır?
Qalxanabənzər vəz boynun aşağı hissəsində yerləşən, uzunluğu təxminən 7 santimetr olan kiçik vəzdir. O, böyümə və maddələr mübadiləsindən tutmuş ürəyin fəaliyyətinə və bədən çəkisinin tənzimlənməsinə qədər bir çox prosesdə iştirak edən T3 (triyodtironin) və T4 (tiroksin) hormonlarını istehsal edir.
Qalxanabənzər vəzlə bağlı problem olduğunu necə anlamaq olar?
Hipotireozun simptomları
Qalxanabənzər vəzin lazım olduğundan daha yavaş işlədiyi hipotireoz zamanı insanı endokrinoloqa müraciət etməyə vadar edə biləcək əlamətlər arasında boğulma hissi və ya “boğazda düyün” hissi, eləcə də boyunda gözlə görünən və ya əllə hiss olunan törəmənin yaranması var.
Digər geniş yayılmış simptomlardan biri daimi yorğunluq və enerji çatışmazlığıdır. Bəzi insanlar gündəlik fəaliyyətlərini əvvəlki kimi yerinə yetirə bilmir, diqqəti cəmləməkdə çətinlik çəkir, yaddaş problemləri və ya güclü yuxululuq yaşayırlar.
Saç tökülməsi, saçların quruması və parlaqlığını itirməsi, həmçinin dırnaqların kövrəkləşməsi də müşahidə oluna bilər.
Bundan əlavə, çəki artımı, maye tutulması, əzələ ağrıları, depressiv hallar və ürək döyüntülərinin azalması mümkündür.
Tez-tez qeyd olunan digər əlamət soyuğa dözümsüzlükdür. Bu zaman insan ətraf mühitin temperaturu normal olsa belə, soyuq hiss edir.
Hipertireozun simptomları
Qalxanabənzər vəzin həddindən artıq hormon istehsal etdiyi və bunun orqanizmdə gedən prosesləri anormal şəkildə sürətləndirdiyi hipertireoz zamanı ilkin əlamətlər arasında həyəcanlanma, əsəbilik və daimi narahatlıq hissi ola bilər. Ürəkdöyünmə və ürək ritminin sürətlənməsi, eləcə də əllərin titrəməsi kimi ürək-damar əlamətləri də yarana bilər.
Maddələr mübadiləsi də sürətlənir. Bu, iştahın yüksək qalmasına və ya hətta artmasına baxmayaraq, sürətli çəki itkisinə səbəb ola bilər.
Digər simptomlara həddindən artıq tərləmə, istiyə dözümsüzlük, əzələ ağrıları, bağırsaq fəaliyyətinin sürətlənməsi və nəcisin daha tez-tez ifraz olunması daxildir.
Hipertireoz yuxusuzluğa da səbəb ola və gün ərzində həyəcanlı vəziyyətin davam etməsinə gətirib çıxara bilər.
Qalxanabənzər vəzin böyüməsi - zob - həm hipotireoz, həm də hipertireoz zamanı müşahidə oluna bilər. Bu, mütləq düyünlərin olması demək deyil, çünki vəz ümumilikdə də böyüyə bilər.
Qalxanabənzər vəzi yoxlamaq üçün hansı analiz və müayinələr lazımdır?
İlkin mərhələdə TSH (tireotrop hormon) və FT4 (sərbəst tiroksin) üzrə analizlər aparılır. Nəticələr normadan kənara çıxarsa, pasiyent endokrinoloqa yönləndirilir və burada əlavə analizlər tövsiyə oluna bilər.
Qalxanabənzər vəzin ultrasəs müayinəsi də mühüm əhəmiyyət daşıyır. Bu müayinə vəzin strukturunda dəyişiklikləri aşkar etməyə, həmçinin qalxanabənzər vəzdəki düyünləri, o cümlədən onların ölçüsünü, sayını və xüsusiyyətlərini qiymətləndirməyə imkan verir.
Şübhəli elementlər aşkar edilərsə, əlavə tibbi qiymətləndirmə aparılır. Zərurət olduqda həkim əlavə müayinələr, o cümlədən qalxanabənzər vəzin punksiyasını tövsiyə edə bilər.
Ümumilikdə, yüksək TSH səviyyəsinin aşağı FT4 səviyyəsi ilə birlikdə olması hipotireozdan xəbər verə bilər. Aşağı TSH səviyyəsinin yüksək FT4 səviyyəsi ilə birlikdə olması isə hipertireoza işarə edə bilər.
Samir


