Əməkdar artist Rəşad Haşımov son günlər mədəniyyət sahəsində baş verən qalmaqallarla bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, "Rast" qrupunun rəhbəri mədəniyyətin uçuruma getdiyini vurğulayıb. O bildirib ki, sənət adamları bir araya gəlib, mədəniyyəti qorumalıdırlar:
"Susqunluğuma son qoyan səbəb mədəniyyət və incəsənətin ümumi vəziyyətidir. Çətin və xoşagəlməz durumudur. Bunu 1992-ci ildən dövlətin mühüm layihələrində yer alan "Rast" qrupunun və böyük layihələrin musiqi rəhbəri kimi deyirəm. 15 il ərzində dəfələrlə mədəniyyətimizin taleyi onlardan asılı olan incəsənət xadimlərinə, vəzifəli, nüfuzlu şəxslərə, ziyalılara nələrsə çatdırmağa çalışmışam. Amma təəssüf... Əsasən cavablar belə olub: çox şey bilmirsən, işin-gücün yoxdur, başını ağrıtma, nə yeri, nə zamanıdır, düzələr, özünü bizdən ağıllı hesab edirsən, təmkinli ol, maliyyə yoxdur, başını sal işini gör, millətin dərdi sənə qalıb?
Ad açıqlamaq fikrim yoxdur, səbəbi çoxdur. Kimlərsə müəllimim, kimlərsə tələbə yoldaşım olub. Kimlərləsə duz-çörək kəsmişəm, yol yoldaşı olmuşam. Kiminsə doğrudan Azərbaycan mədəniyyətinə töhvəsi çoxdur. Rəhmətə gedənləri də var. Müqəssir axtarmaqdansa, birləşib həll yolu tapmaq lazımdır. Mədəniyyətə diqqət və qayğı ilə yanaşmasaq, onu bərpa etməyə 50 il sərf edəcəyik. Dərinə getmək istəmirəm. Amma dünya siyasətinin mədəniyyətə təsiri qaçılmazdır. Mədəniyyət hər zaman inkişafda olmalıdır, yüksək naliyiətlərə sahib olaq".


