ABŞ dövlət katibinin eks-müşaviri Azərbaycan ordusunun uğurundan danışdı

18:49 / 26.10.2020
816

"Azərbaycanın dinc şəhərlərini bombalamaq və mülki əhalini hədəf almaq Azərbaycanı cavab atəşinə təhrik etmək və Moskvanı məsələyə daxil etməyi planlaşdırsa da, bu sadəcə Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək mübarizəsini gücləndirdi".

Bu barədə ABŞ dövlət katibinin sabiq müşaviri və postsovet məkanı üzrə ekspert Pol Qobl "Кавказский узел" agentliyinə verdiyi müsahibəsində bildirib.

Ekspert Azərbaycanın münaqişə zonasından kənarda olan bölgələrinin atəşə tutulmasının son dərəcə təhlükəli olduğunu söyləyib:

"İrəvan anlamalıdır ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına çalışacaq. Fikrimcə, Ermənistan Azərbaycanı cavab atəşinə təhrik edərək Moskvanı münaqişəyə müdaxilə etməyə və İrəvana dəstək verməyə məcbur etməyi düşünərək belə addım atdı. Bu isə İrəvanın mövqelərinin zəiflədiyini və özünü müdafiə etmək üçün hər şeyə əl atdığını göstərir".

Onun sözlərinə görə, Azərbaycan ordusu çox yaxşı hazırlaşdı və həmişə öz hədəflərinə sponsorlar olmadan çatmaq düşüncəsi ilə hərəkət etdi: "Ermənistan isə hesab edirdi ki, Moskva münaqişəyə müdaxilə edəcək".

Qobl bununla yanaşı, Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyib: "Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər".

0
Mediapost.az