Asim Mollazadə Qarabağda törədilən ekoloji cinayətlərin nəticələrini aradan qaldırmaq üçün təkliflərlə çıxış edib

SİYASƏT
16:00 / 17.11.2020
776

“Bu qələbədə Azərbaycanın neft  strategiyasının Böyük  rolu var. Necə ki, İkinci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsini demək olar ki, Azərbaycan neftçiləri təmin ediblər, bugünkü qələbədə də Azərbaycan neftçiləri və ölkənin neft strategiyası böyük rol oynayıb”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin bugünkü iclasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

“Azərbaycanın iqtisadi inkişafı nəticəsində biz müasir silahlı qüvvələri formalaşdıra bildik. Bu qələbədə neftçilərimizin əməyi  xüsusilə qeyd olunmalıdır. Çünki Azərbaycanın dövlət quruculuğunda da, iqtisadiyyatının gücləndirilməsində də, neft strategiyamızın rolu böyük olub”, - deyə millət vəkili bildirib.

O, hərbi qələbəmizin diplomatik qələbəyə çevrilməsində Ali Baş Komandanın rolunu xüsusilə qeyd edib.

“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun müzakirəsi zamanı Asim Mollazadə qablaşdırma ilə bağlı təklif irəli sürüb. Qeyd edib ki, qablaşdırmanı  məhz ikinci dəfə emal edilən kağız paketlərlə  əvəz etmək üçün dövlət tərəfindən bu sahəyə müəyyən diqqət olmalıdır:

“Biz bir şeyi ləğv edərkən onun alternativini də düşünməliyik. Hökumətə tövsiyə verə bilərik ki, müvafiq müəssisələr yaradılsın, bu müəssisələrin yaradılması üçün iqtisadi və vergi güzəştləri olsun. Məqsəd iş adamlarımızın bu sahədə öz işlərini gücləndirə bilməsidir. Çalışmalıyıq ki, bu gün sintetik salafan istehsal edən müəssisələr kağızın təkrar emalına  keçsinlər. Dünya artıq bu yolu keçib. Avropada da, Amerikada da qablaşdırıcılar ikinci dəfə emal edilmiş kağızdan,  kartonlardan istifadə etməklə paketlər istehsal edirlər. Bu, təbiətə kimyəvi, sintetik qabların vurduğu qədər böyük ziyan vurmur”. 

Asim Mollazadə çıxışında ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətlərə də diqqət çəkib: “Biz Qarabağı qaytardıq, amma orada ətraf mühitə vəhşicəsinə zərbələr endirilib. Düşmənlər Azərbaycanın cənnət bölgəsi olan Qarabağa çox ciddi ziyan veriblər. Odur ki, həm Qarabağın su ehtiyatlarının qorunması, həm də meşələrinin bərpası istiqamətində dövlətimizin və xalqımızın qarşısında çox böyük işlər durur. Əminəm ki, bizim Komitə də qanunvericiliklə bağlı bütün zəruri işləri görəcək. Azərbaycan xalqı da Qarabağın yenidən cənnətə dönməsi istiqamətində bu şərəfli vəzifələri yerinə yetirəcək”.

0