“Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Avropa Şurası ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətində prinsipial mövqeyin davamıdır”.
Bu sözləri deputat Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.
O, dövlətimizin başçısının Azərbaycanın Avropa Şurasından tam çıxmaq ehtimalını nəzərdən keçirdiyini bəyan etməsi barədə danışıb:
“Təbii ki, bunun əsasında emosional yanaşma deyil, təşkilatın son illərdə ölkəmizə münasibətdə nümayiş etdirdiyi qərəzli və selektiv siyasət dayanır. Azərbaycan Avropa Şurasına üzv olarkən təşkilatın təməl prinsiplərinə – hüququn aliliyinə, bərabərliyə və qarşılıqlı hörmətə sadiq olub.
Təəssüf ki, son illərdə Avropa Şurasının bəzi strukturları bu prinsiplərdən uzaqlaşaraq Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirib, xüsusilə də ölkəmizin öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyi dövrdə siyasi qərəz açıq şəkildə hiss olunub”.
Millət vəkili qeyd edib ki, bu şəraitdə Azərbaycanın bütün mümkün variantları nəzərdən keçirməsi tamamilə məntiqlidir:
“Hər bir suveren dövlət kimi Azərbaycan da iştirak etdiyi beynəlxalq təşkilatların fəaliyyətinin milli maraqlarına və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə nə dərəcədə cavab verdiyini qiymətləndirmək hüququna malikdir”.
Deputat əlavə edib ki, Azərbaycan beynəlxalq əməkdaşlıqdan imtina etmir:
“Əksinə, ölkəmiz BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu platformalarda fəal iştirak edir, regional və qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi və sivilizasiyalararası dialoqa mühüm töhfələr verir. Azərbaycanın gözləntisi beynəlxalq institutların bütün üzv dövlətlərə eyni hüquqi və siyasi meyarlarla yanaşmasıdır. Prezident İlham Əliyevin Şuşadan verdiyi mesaj həm də onu göstərir ki, Azərbaycan heç bir təşkilatdan asılı xarici siyasət yürütmür”.
Vüqar İskəndərov onu da vurğulayıb ki, ölkəmiz müstəqil qərar qəbul edən, milli maraqlarını hər şeydən üstün tutan dövlətdir:
“Əgər hər hansı beynəlxalq təşkilat öz nizamnaməsində təsbit olunmuş prinsiplərdən uzaqlaşırsa və siyasi alətə çevrilirsə, həmin təşkilatla əməkdaşlıq formatının yenidən qiymətləndirilməsi Azərbaycanın suveren hüququdur.
Bu baxımdan, Şuşadan verilən mesaj təkcə Avropa Şurasına deyil, bütün beynəlxalq institutlara çağırışdır: beynəlxalq hüquq seçici şəkildə deyil, hamıya eyni meyarlarla tətbiq olunmalıdır. Yalnız bu halda beynəlxalq təşkilatlar etimadı qoruya və öz nüfuzlarını saxlaya bilərlər”.
Elmir Mustafa


