“IV Şuşa Qlobal Media Forumunun keçirilməsinin olduqca böyük əhəmiyyəti var”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, belə bir Forumun Şuşada davamlı şəkildə keçirilməsi çox önəmlidir:
“Dördüncü Forumun keçirilməsi o dəməkdir ki, ortada nəticələr olduğu üçün davam etdirilir. Üstəlik, hər dəfə bütün dünyadan gələn media nümayəndələrinin sayı da artır. Artıq dünyanın elə bir istiqaməti yoxdur ki, Forumda təmsil olunmasın. Üstəlik, Şuşa bir mərkəz rolunu oynamağa başlayıb. Bu şəhər xüsusilə türk dünyasının müqəddəs yeri kimi qəbul olunur”.
Siyasətçi qeyd edib ki, Forum çərçivəsində dünyanın media nümayəndələri bir araya gəlirlər:
“Onlar arasında görüşürlər keçirilir, habelə yerli mediamızla xarici media arasında əlaqələr formalaşır. Bu isə həddindən artıq dərəcədə vacibdir. Həmçinin, Azərbaycan bu Forum sayəsində öz mövqeyini dünyanın aparıcı media qurumları vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırır. Təbii ki, birinci növbədə bu mövqeyimizi cənab Prezident İlham Əliyev ortaya qoyur.
Bundan başqa, tədbirin “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması da çox vacibdir. Çünki bu hazırda çox aktual məsələdir. Dünya bu gün müharibə içərisindədir, hər yerdə qan tökülür və belə bir şəraitdə sülhdən danışmaq, sülhə doğru addım atmaq, sülhün yollarını axtarmaq həddindən artıq müsbət bir tendensiyadır və müasir dünyanın bütün çağırışlarına cavab verir. Artıq hamı müharibələrdən yorulub. Ukraynada, İranda və digər yerlərdə müharibə gedir. Belə bir şəraitdə sülhdən danışmaq çox əhəmiyyətlidir”.
Partiya sədri əlavə edib ki, Azərbaycanda 30 ildən artıq davam edən müharibə vəziyyətinə son qoyaraq zəfər qazandı:
“Azərbaycanın böyük zəfəri Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Üstəlik, Prezident İlham Əliyev tədbirdə bir sıra istiqamətlərdə çox vacib mesajlar verdi. Dövlətimizin başçısının çıxışı bütün dünyanın aparıcı medialarında əsas xəbərlər arasında yer alıb. Bu gün həm regionda, həm də dünyada sülh çox vacib məsələdir. Əlbəttə, medianın da bu istiqamətdə üzərinə böyük məsuliyyət düşür.
Hesab edirəm ki, türk dünyasının özünün də “Euronews”, CNN kimi bir neçə ortaq media mərkəzi yaradılmalıdır. Çünki media dünyada ictimai rəyi formalaşdıran çox ciddi bir vasitə və informasiya silahıdır.
Hərçənd ki, türk dünyasının belə bir media qurumu yoxdur. Bu istiqamətdə addımların atılmasına ehtiyac var. Eyni zamanda, yerli mediamız dünyanın aparıcı media agentlikləri ilə əməkdaşlıq etməlidir. Şuşada keçirilən Forum isə bu istiqamətdə çox uğurlu bir təşəbbüsdür”.
Elmir Mustafa



