Deputatdan nazir haqda şok: Birbaşa özü...

SİYASƏT
17:53 / 13.05.2020
2516

10 gün öncə Milli Məclisin iclasında Mədəniyyət Nazirliyində baş verən qanunsuzluqlarla bağlı danışmışdıq. Bildirmişdik ki, Mədəniyyət Nazirliyində olan qanunsuzluqlar başqa heç bir sahədə yoxdur. Mədəniyyət abidələri sıradan çıxarılıb, musiqi məktəbləri bölgələrdə yox səviyyəsindədir, fəxri adların və Prezident təqaüdlərinin verilməsi üçün təqdimatlar ancaq “görüm-baxım”, başqa vasitələrlə edilir. Bu istiqamətdə ölkə başçısını da aldadırlar və layiq olmayan insanları önə çəkirlər. Bunlar çox ciddi məsələlərdir. İş elə gətirdi ki, bizim Milli Məclisdə bu istiqamətdə sərt çıxışımızdan bir həftə sonra DTX dediklərimizin sübutu olaraq əməliyyat keçirib, faktları ortaya qoydu.

Bunu millət vəkili Fazil Mustafa “Yeni Müsavat”ın canlı yayımında çıxışı zamanı deyib.

F.Mustafa qeyd edib ki, artıq cəmiyyətin gördüklərini dövlətin müvafiq qurumları da görür, addımlar atır və Prezidentin elan etdiyi kursun nə qədər prinsipial, ciddi olduğu barədə xalqda fikir formalaşdırırlar:

“Mədəniyyət Nazirliyində iki yüksək vəzifəli şəxsin həbs edilməsi bir daha sübut edir ki, bu durum nazirlikdə çoxdan kök salıb”.

Millət vəkili qeyd edib ki, Mədəniyyət nazirinin məhz mədəniyyətlə bağlı hansısa bir qurumda, universitetdə, konservatoriyada bircə dəfə çıxış etməsini görən olmayıb:

“Dəfələrlə məktub yazılıb ki, Zabrat kimi böyük bir qəsəbədə Mədəniyyət Evi xaraba vəziyyətdədir. Amma bunu bərpa etmək, tikmək istəməyiblər. Niyə? Çünki ancaq vəsait əldə edə, pul mənimsəyə biləcəkləri sahəyə diqqət ayırırlar. Yüzlərlə belə nümunə var”.

F.Mustafa bildirib ki, DTX-nin bu əməliyyatı yarımçıq saxlanılsa, kimlərsə himayə olunsa, bu, çox ciddi nəticələr doğuracaq:

“Konkret olaraq nazirin üzərindən sükutla keçiləcəksə, bu, yüzlərlə işçinin sıxıntısının davam etməsinə səbəb olacaq. Buna yol vermək olmaz. Prezidentin həyata keçirdiyi kursun üzərinə kölgə düşməsinə şərait yaratmaq olmaz. Hüquq-mühafizə orqanları bu məsələ ətrafında prinsipial mövqe sərgiləməlidir”.

2
Axar.az