Məktəbyaşlı anaların sayı artır - Valideyn məsuliyyətsizliyinin qurbanları...

SOSİAL
18:55 / 02.02.2024
523

Rəsmi məlumata görə, Azərbaycanda erkən yaşda ana olan yeniyetmə qızların sayı artıb. Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə 16 yaşadək ana olan yeniyetmələrin sayı 84 nəfər təşkil edib.

2022-ci ildə isə 16 yaşadək ana olanların sayı 120 nəfərə çatıb. 2021-ci ildə 341 yeniyetmə 16 yaşında, 1225 yeniyetmə isə 17 yaşında ana olub. 2022-ci ildə bu rəqəmlər bir qədər artıb. Belə ki, 386 yeniyetmə 16 yaşında, 1505 yeniyetmə isə 17 yaşında ana olub.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 14-17 yaş yeniyetmə sayılır.

"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, uşaqlar valideyn məsuliyyətsizliyinin qurbanıdırlar:

"Bəzən deyirlər ki, nənələrimiz 13-14 yaşında ana olublar. Bu addımı atan böyüklər başa düşməlidirlər ki, onlar uşaqlarını erkən nikaha məcbur etməklə heç də xoşbəxt etmirlər. Əksinə, uçrumdan yuvarlayırlar. Bəlkə də bu gün bunun fərqində deyillər, amma zamanla hər şey aydın olacaq. Ona görə də, belə məsuliyyətsiz valideynlər mütləq cəzasız qalmamalıdırlar”.

Birlik sədri hesab edir ki, erkən nikahların qarşısını almaq üçün məktəblərdə monitorinqlər aparılmalıdır. Burda icra, bələdiyyə nümayəndələri iştirak etməlidirlər.Həyatı dərk etmədən ailə həyatı qurmaq qızların ”köləyə" çevrilməsi ilə nəticələnir".

Sevinc

0