Təkamüldə yeni növlərin yaranmasına rəqabət deyil, bədən ölçüsü təkan verə bilər

DÜNYA
21:57 / 05.11.2026
41

Alimlər yeni növlərin yaranması ilə bağlı ənənəvi təkamül yanaşmasına alternativ nəzəriyyə irəli sürüblər. Yeni hipotezə görə, yaxın növlər arasında ilk anatomik fərqlər qida və ərazi uğrunda rəqabət nəticəsində deyil, bədən ölçüsünün dəyişməsi ilə meydana gələ bilər.

HİT.az xəbər verir ki, bu nəzəriyyəni ABŞ-ın Kaliforniya Universitetinin təkamül bioloqu Brayan Cenninqs irəli sürüb. Tədqiqatın nəticələri “Evolutionary Journal of the Linnean Society” jurnalında dərc olunub.

İndiyədək alimlər hesab edirdilər ki, yeni növlərin formalaşmasında əsas amillərdən biri resurslar uğrunda rəqabətdir. Bu yanaşmaya əsasən, eyni ərazidə yaşayan yaxın növlər zamanla bir-birindən fərqlənərək müxtəlif qida mənbələrinə və ekoloji şəraitə uyğunlaşırlar. Məsələn, Qalapaqos adalarında yaşayan ispinoz quşlarının dimdik formalarının fərqlənməsi onların müxtəlif qidalarla bəslənməsi ilə izah olunur.

Cenninqsin nəzəriyyəsinə görə isə proses daha erkən mərhələdə başlayır. Bir populyasiyada fərdlərin bədən ölçüsü böyüdükdə və ya kiçildikdə quyruğun uzunluğu, dimdiyin ölçüsü və bədənin digər hissələrinin nisbətləri də dəyişə bilər. Bu dəyişikliklər əvvəlcə orqanizmin inkişafında müəyyən uyğunsuzluqlar yaratsa da, təbii seçmə zamanla həmin xüsusiyyətlərin daha əlverişli formaya düşməsinə şərait yaradır.

Alim öz hipotezini yoxlamaq üçün Avstraliya və Yeni Qvineyada yaşayan, ayaqları təkamül nəticəsində demək olar ki, itmiş ilanabənzər kərtənkələləri araşdırıb. O, 2023-cü ildə 40 gün ərzində Avstraliyanın altı muzeyinə baş çəkərək kolleksiyalarda saxlanılan mindən çox kərtənkələnin ölçülərini qeydə alıb. Əldə olunan məlumatlar Harvard Universitetinin Müqayisəli Zoologiya Muzeyinin kolleksiyası ilə də müqayisə edilib.

Tədqiqatın nəticələri göstərib ki, bədən ölçüsünün dəyişməsi anatomik nisbətlərdə gözləniləndən daha kəskin fərqlər yarada bilər. Bu isə populyasiyalara yaxın növlərlə rəqabətə girmədən yeni qida mənbələrindən və sığınacaqlardan istifadə etmək imkanı verə bilər.

Cenninqs rəqabətin və təbii seçmənin təkamüldəki rolunu inkar etmir. Onun fikrincə, yeni növlərin formalaşmasında mühüm dəyişikliklər bəzən populyasiyalar hələ bir-biri ilə qarşılaşmadan və resursları bölüşdürməyə başlamadan əvvəl baş verir.

Samir

0