Gənclər nə üçün ayrılığa dözə bilmirlər?

SOSİAL
15:53 / 19.03.2024
685

"Romantik münasibət sevgi, doğmalıq və aidiyyat kimi müsbət duyğuları hiss etdirsə də, münasibətin bitməsi özü ilə ağrılı və incidən bir dövr gətirir". 

Bu sözləri EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bir çox araşdırmalar nəticəsində ayrılıqdan sonra bəzi problemlərin ortaya çıxdığı məlum olub:

"Ayrılıq dövründə tərəflərdə yuxu, iştah problemləri, gərginlik, dərin kədər və yaşam eşqinin azalması kimi vəziyyətlər müşahidə olunur. Lakin ayrılıq dövrünün çətinliyi hər kəs üçün eyni olmur. Bəzi insanlar bu dövrü sağlam şəkildə yaşayıb normal həyatlarına rahatlıqla qayıda bildikləri halda, bəzi şəxslər üçün bu dövr olduqca ağır keçə bilir".

Həmsöhbətimiz qeyd edib ki, münasibət bitdikədən sonra hiss edilən kədər və itki duyğusu yaşamaq olduqca normal haldır:

"Çünki bu itkiyə qarşı verdiyimiz təbii bir yas reaksiyasıdır. Yas reaksiyası ilk həftələrdə özünü şiddətli şəkildə göstərə bilir. Ancaq zaman keçdikcə, bu reaksiyaların şiddətinin azalamağı müşahidə olunur. Kədər hissinin azalması ilə şəxslər 6 aydan 1 ilə qədər müddətdə normal həyatlarına qayıda bilirlər. 

Əgər zaman keçdikcə yas reaksiyasında azalma yoxdursa və rekasiyaların şiddəti artmaqdadırsa, bu zaman şəxsin həyat keyfiyyəti bu vəziyyətlərdən ciddi mənada təsirlənərək aşağı düşəcək". 

346239

Psixoloq həmçinin vurğulayıb ki, bu zaman paralel olaraq depressiyanın simptomları da özünü göstərə bilər:

"Xüsusilə, gənclər üçün münasibətin bitməsi və ya rədd cavabının alınması, onların özünüqiymətləndirmə və özünəhörmətlərinə əsaslı şəkildə neqativ təsir edir. 

Yas dövrünün verdiyi dərin duyğulara dözə bilməyən, problem həll etmə bacarıqları zəif olan və bu cür dərin duyğuların həmişə bu səviyyədə qalacağını düşünən şəxslər dərin ümidsizlik və çarəsizlik yaşayaraq və çıxış yolu kimi intihara da yönələ bilirlər. 

İntahara yönəlməyin altında yatan digər səbəb isə ayrılan şəxsi cəzalandırmaq və onu günahkar hiss etdirmək də ola bilir. Ancaq unutmayaq ki, ayrılıq sonrası hiss edilən ağır duyğular keçici olsa da, intihar geri dönüşü olmayan bir davranışdır". 

Ayşən Bayramova diqqətə çatdırıb ki, ayrıldıqdan sonra yaxşılaşma prosesi həmişə sürətli şəkildə getməyə bilir:

"Buradakı uyğun davranış da şəxsin özünə duyğularını yaşamağa icazə verərək yasını tutmasıdır. Amma bütün bunların fonunda günlük işlər axsadılmamalı, özbaxım və özünü inkişafla məşğul olunmalıdır. Əgər simptomlarda azalma yoxdursa və ya şiddətlənirsə, onda mütəxəssis dəstəyi almaq tövsiyə olunandır".

Pərviz

0