Məhərrəm ayının hökmləri nələrdir?

SOSİAL
14:10 / 03.06.2026
40

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının başlanmasına sayılı günlər qalıb. 

Kərbəla faciəsinin baş verdiyi, İmam Hüseynin və onun silahdaşlarının şəhid edildiyi bu müqəddəs ay müsəlmanlar tərəfindən hüzn və matəm dövrü kimi qeyd olunur. 

Bəs Məhərrəm ayında hansı ibadət və əməllərin yerinə yetirilməsi tövsiyə edilir? Ümumilikdə, bu ayla bağlı dini qayda və hökmlər nələrdən ibarətdir?

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam dinində şəhidlik şərəfli bir mərtəbə sayılır:

"Allah yolunda, Vətən yolunda canını qurban edənlər hər zaman rəhmət və məğfirətlə anılır. Həzrət Muhəmməd Peyğəmbərin nəvəsi Həzrət Hüseyn əleyhissəlam da dövrün zalım xəlifəsinin qoşunları tərəfindən amansızca şəhid edilib. Eyni zamanda, ailə üzvləri, səhabələri və hətta körpə uşaqları da qətlə yetirilib. Bu hadisənin üzdə müsəlman olanlar tərəfindən həyata keçirilməsi ən daha çox təəssüf, həm də təsir oyadıb. Həzrət Hüseyn İraqın riyakar adamları tərəfindən aldadılıb, dəvət edilib sonra isə xəyanətə uğrayaraq bir növ tələyə salınıb. 

Halbuki onun səfəri müharibə, üsyan və ya təxribat xarakterli deyildi. Çünki o azyaşlı uşaqları, ailəsi ilə yola çıxmışdı. İmam Hüseyn şəhid olduqdan bir müddət sonra onu çağırıb sonra da əks tərəfə keçib ona qarşı savaşanlar peşman olub Kərbəlaya toplaşaraq başlarına döyüb mərsiyyə deyib ağlamağa başladılar və bu ənənənin əsası qoyuldu. Lakin həqiqi müsəlmanlar isə Həzrət Hüseyn və ailəsinin şəhadətini Quran oxumaqla, dua etməklə, mümkün olduqda onun ziyarətinə getməklə qeyd edirlər".

401034

İlahiyyatçının dediyinə görə, hazırda bəzi ölkələrdə Məhərrəm ayında keçirilən ayinlər İmam Hüseynin tərəfdarlarının yaxud sonrakı İmamların ənənəsi deyil, məhz İmam Hüseyni öldürənlərin peşmanlıq hisslərinin təzahür etməsinin ənənəvi davamıdır: 

"Lakin yaxşı olar ki, İmam Hüseyn öz qardaşları, övladları, digər Əhli Beytin üzvlərinin onu yad etdiyi üsulda yad edilsin. Onlar da təbii ki, həmin gün hüznləniblər, onun başına gələn hadisəni təbliğ ediblər və dua, Quranla yad ediblər. Çünki Muhəmməd Peyğəmbər sinə cırmağı, mərsiyyə oxumağı, kütləvi ağlaşma məclislərini cahiliyyət ərəblərinin adəti olaraq qadağan etmişdi. Eyni zamanda, İslamda şəhidlər cənnətməkan sayılır. Hazırda cənnətdə olan insan İslam qaydalarına uyğun ad edilməlidir. 

İslamda ümumiyyətlə Peyğəmbərin vəfatı da daxil matəm ayı və günü yoxdur. İslam nikbin dindir, bədbin yox. Həm də axirət, öldükdən sonra dirilmək inancı olduğu üçün ölülərin yox olmadığına, sadəcə bir aləmdən digərinə keçdiyinə inanılır. Yəni, fani aləmdən əbədi aləmə köçən, xüsusən şəhid olan adam üçün əsrlərlə matəm tutmaq ölkə növbədə Allaha üsyan, onun qədərinə etiraz, axirətin varlığını inkardır. Ona görə də Həzrət Hüseynin şəhadəti xütbələrlə, onun şücaətini dini qaydalara uyğun anlatmaqla, dua etməklə, ehsan verməklə, Quran oxumaqla yad edilməlidir".

T.İrfan xüsusilə olaraq vurğulayıb ki, Məhərrəm ayını sinə döymək, başa vurmaq, İslamda bidət və günah sayılan əməllərlə yas və matəm ayına çevirmək tamamilə İmam Hüseynin şəhadət amalına ziddir: 

"O özündən sonra matəm və peşmançılıq qoyub getmək üçün şəhid olmadı, nikbinlik, səbr və şəriətə tabe olmaq ənənəsi qoydu. Yaxşı olar ki, adamlar Məhərrəm ayı ərəfəsində ehtiyacı olanlara qan versinlər, maddi - mənəvi əl tutsunlar. 

Məhərrəm ayı xüsusən fars şüubiyyəsinin təqdim etdiyi kimi zülmət, qara matəm ayı yox, əslində işıq, nur, əbədilik aləminə qədəm qoyan şəxsin cənnətə daxil olduğu aydır. Odur ki, İmam Hüseynin yolu və onun razı qalacağı əməllər ibadət, elm, yaxşılıq və duadır".

Günel Cəlilova

0