Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bunun “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulduğunu açıqlayıb. Deputatın sözlərinə görə, dəyişkən iş qrafiki sayəsində şəhərdə nəqliyyat yükünü azaltmaq və hərəkətin daha səmərəli təşkilinə nail olunması hədəflənir.
Maraqlıdır, iş saatının dəyişdirilməsi ilə Bakıda tıxacın qarşısını almaq olacaqmı?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, təhsil müəssisələrində dərs və iş saatlarının dəyişdirilməsi təşəbbüsünü məqsədəuyğun deyil:

“Çünki şagirdlərin səhər saatlarında təhsil alması həm öyrənmə keyfiyyəti, həm də gündəlik rejimin düzgün qurulması baxımından daha əlverişlidir. Təhsil sistemində aparılan hər hansı dəyişikliklərin nəticələri diqqətlə qiymətləndirilməlidir. Məsələyə yalnız iş qrafikləri prizmasından deyil, şəhərin ümumi nəqliyyat və infrastruktur imkanları baxımından yanaşmaq vacibdir”.
Ekspert qeyd edib ki, bir çox sahədə çalışan insanların əsas problemi iş saatlarından deyil, nəqliyyatın yetərincə olmamasıdır:
“İctimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyəti təmin olunsa, insanlar tıxaclarla üzləşmədən iş yerlərinə gedib-gələ bilərlər. Paytaxtın bəzi ərazilərində gec saatlarda avtobusların sayının azalması və ya ümumiyyətlə fəaliyyət göstərməməsi vətəndaşları işdən daha tez çıxmağa məcbur edir.
Nəticədə bir çox insan evə vaxtında çatmaq üçün iş qrafikinin erkən başa çatmasını üstün tutur. Nəzərə almaq lazımdır ki, dövlət sektorunda çalışanların sayı ümumi məşğul əhali içərisində nisbətən az paya malikdir. Buna görə də yalnız bir neçə dövlət qurumunda iş vaxtının dəyişdirilməsi şəhərdə nəqliyyat sıxlığı problemini əhəmiyyətli dərəcədə həll etməyəcək”.
Günel Cəlilova


