Ali məktəblərə qəbul balı aşağı salınacaq? - AÇIQLAMA

SOSİAL
22:17 / 29.06.2026
56

“Bu il ali təhsil müəssisələrinin birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə keçid ballarının aşağı salınması gözlənilmir”.

Bunu Ölkə.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, qarşıdakı ikinci cəhd imtahanlarında abituriyentlər nəticələrini yaxşılaşdıra bilsələr, bu, müsabiqədə iştirak edənlərin sayının çoxluğu ilə birlikdə müsabiqə vəziyyətinin daha gərgin keçməsinə səbəb olacaq: “Eyni zamanda, bəzi ixtisaslar və ixtisas qrupları üzrə keçid ballarının müəyyən qədər artması da mümkündür”.

Ekspert vurğulayıb ki, bu il abituriyentlərin buraxılış imtahanlarında bir qədər zəif nəticə göstərməsi əsasən beşinci ixtisas qrupu və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul ballarının müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər:

“Bəzi ixtisaslar üzrə balların enməsi qeydə alına bilər. Amma daha çox tələbat olan, əmək bazarında ehtiyac duyulan, perspektivli və prestijli ixtisaslarda balların enməsi gözlənilmir. İxtisasların plan yerləri, illik təhsil haqları diqqət yetiriləsi məqamlardı. Prestijli ixtisaslara gəlincə isə bunlar hər qrupda fərqlidir. I ixtisas qrupu üzrə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analiikası, kompüter elmləri, mühəndisliyi, neft-qaz, kimya, inşaat mühəndislikləri və s. II ixtisas qrupunda maliyyə, beynəlxalq ticarət və logistika, iqtisadiyyat və s. III ixtisas qrupunda hüquqşünaslıq, tərcümə koreya, çin, ispan, alman və s. IV ixtisas qrupu üzrə tibb, stomatologiya, biotexnologiya, psixologiya, tibb bacısı (qardaşı) və s. V ixtisas qrupu üzrə  idman, dizayn və s”.

E.Əfəndi xatırladıb ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının birinci mərhələsi və ikinci mərhələnin birinci cəhdi yekunlaşdırb: “Blok imtahanı iki cəhddən ibarətdir. Hazırda abituriyentlər ikinci cəhd imtahanlarına hazırlaşırlar. Bu imtahanlar 5 iyul tarixində ikinci və üçüncü ixtisas qrupları, 12 iyul tarixində isə birinci və dördüncü ixtisas qrupları üçün keçiriləcək. Həmçinin 12 iyul tarixində üçüncü ixtisas qrupunun coğrafiya fənni üzrə ayrıca imtahanı da təşkil olunacaq.

İştirakçı sayına gəldikdə isə, birinci cəhdlə müqayisədə ikinci cəhddə bütün qruplar üzrə iştirakçı sayında müəyyən azalma müşahidə olunur. Lakin mövcud plan yerləri ilə müqayisədə iştirakçıların sayı yenə də çoxluq təşkil edir”. 

0