Abituriyentlər üçün vacib mərhələ - Düzgün ixtisas seçiminin sirri

TƏHSİL
11:17 / 29.07.2026
169

Qəbul imtahanı mərhələsini geridə qoyan abituriyentləri indi daha bir mühüm qərar gözləyir. 

Qarşıdakı günlərdə ediləcək ixtisas seçimi onların hansı sahədə təhsil alacağını və gələcək peşə istiqamətini müəyyənləşdirəcək. Bəs uğurlu ixtisas seçimi üçün hansı meyarlar əsas götürülməlidir? Gənclər seçim zamanı yalnız əldə etdikləri nəticəyə uyğun hərəkət etməlidirlər, yoxsa gələcək hədəflərini və əmək bazarının reallıqlarını da nəzərə almalıdırlar?

Təhsil eksperti Əmrah Həsənli Hit.az-a açıqlamasında deyib ki, peşə seçimi insanın gələcək həyatına təsir edən strateji qərarlardan biridir: 

405820

“Buna baxmayaraq, bəzi abituriyentlər ixtisas müəyyənləşdirərkən əsas meyar kimi yalnız imtahan nəticəsini götürürlər. Əslində isə yüksək bal əldə etmək gələcəkdə həmin sahədə uğur qazanılacağı anlamına gəlmir. Düzgün seçim üçün abituriyentin maraq dairəsi, fərdi potensialı və topladığı nəticə bir-birini tamamlayan amillər kimi qiymətləndirilməlidir. 

İnsan sevmədiyi və özünü uyğun hiss etmədiyi sahəyə yalnız qəbul şansı yüksək olduğu üçün üz tutarsa, sonradan həm təhsil prosesində, həm də peşə fəaliyyətində çətinliklərlə qarşılaşa bilər. Eyni zamanda, real qəbul imkanlarını nəzərə almadan yalnız arzu olunan ixtisaslara üstünlük vermək də riskli seçim sayılır”.

Ekspert vurğulayıb ki, ixtisas müəyyənləşdirilərkən hisslərdən çox məntiqə əsaslanmaq lazımdır:

“Gənc əvvəlcə öz güclü tərəflərini müəyyən etməli, hansı istiqamətdə daha məhsuldar ola biləcəyini və gələcəkdə hansı peşədə özünü görmək istədiyini aydınlaşdırmalıdır. Ali məktəbin məşhurluğu və ya reytinqi ikinci planda qalmalı, əsas diqqət seçilən ixtisasın məzmununa və perspektivinə yönəlməlidir. 

Çünki bu seçim təkcə tələbə adını qazanmaq üçün deyil, gələcək karyera, peşəkar inkişaf və həyat yolunun düzgün qurulması üçün atılan ən vacib addımlardan biridir. Buna görə də hər bir qərar düşünülmüş şəkildə və uzunmüddətli hədəflər nəzərə alınaraq verilməlidir”.

Günel Cəlilova

0