Müəllimlər üçün vahid geyim – “Məqsəd müsbət örnək formalaşdırmaqdır”

TƏHSİL
10:48 / 24.07.2026
181

Xəbər verdiyimiz kimi, müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. 

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlər üçün geyimlə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. 

Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında deyib ki, məktəbdə müəllimin peşəkar imicinin qorunması yalnız tədrisin keyfiyyəti ilə deyil, onun davranışı, ünsiyyət tərzi və ümumi görünüşü ilə də əlaqələndirilir: 


“Bu səbəbdən pedaqoji etikaya dair vahid yanaşmaların müəyyənləşdirilməsi son dövrlərdə daha çox diqqətçəkən məsələlərdən biridir. Beynəlxalq təcrübəyə nəzər saldıqda görünür ki, bir sıra ölkələrdə müəllimlər üçün peşənin xüsusiyyətinə uyğun geyim və davranış qaydaları uzun illərdir tətbiq olunur. Məqsəd müəllimin cəmiyyətdə nümunəvi sima kimi qəbul edilməsini təmin etmək, təhsil müəssisəsində işgüzar atmosfer yaratmaq və şagirdlər üçün müsbət örnək formalaşdırmaqdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən təcrübə artıq mövcuddur:
“Hazırda onlarla ümumi təhsil müəssisəsində müəllimlər vahid geyim prinsipi ilə fəaliyyət göstərirlər. Həmin qərarlar məktəblərin daxili idarəetmə mexanizmləri çərçivəsində qəbul edilib və pedaqoji kollektivlər tərəfindən müsbət qarşılanıb. 

Bu yanaşma məktəbdə aidiyyət hissini gücləndirir, kollektiv arasında peşə həmrəyliyini artırır və təhsil müəssisəsinin institusional mədəniyyətinin formalaşmasına əlavə stimul verir. Həmçinin, müəllim peşəsinin ictimai nüfuzunun möhkəmlənməsi və peşəyə olan hörmətin artırılması baxımından da bu cür dəyişikliklər mühüm rol oynaya bilər”.

Günel Cəlilova

0