TEXNO
12:13 / 29.10.2021
1056

Tarixin ən həyacanlı anonsu: Mark dünyanı hara aparır? - DETALLAR

Xəbər verdiyimiz kimi, ötən gün "Facebook"un qurucusu Mark Zukerberq çoxdan və həyacanla gözlənilən tanıtımı etdi.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Mark ötən gün keçirilən ənənəvi Connect konfransındkı çıxışında, "Facebook" şirkətinin adının dəyişdirilərək "Meta" adlandırıldığını elan etdi. O, qlobal şirkətin yeni loqosunu da təqdim edib. Bildirib ki, ad dəyişikliyinin Facebook sosial şəbəkəsinə aidiyyatı yoxdur. Bununla da öz tərkibində Facebook, WhatsApp, İnstagram kimi qurumları birləşdirən "Meta" şirkəti əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq.

Və... yaxın illərdə internetin yerini alacaq yeni texnologiyanın - METAVERSE-in müjdəsini verdi!

Bu elə bir texnologiyadır ki, onu tarixin ən böyük, fərqli və həyacanverici yeniliyi adlandırmaq olar! Bu hətta insanın kosmosa ayaq basmasından da daha fərqli bir şeydir! Bu elə kosmosun özüdür, paralel dünyadır, dünyanın virtual kainatda başdan-ayağa yenidən dizayn edilməsi və doğuluşudur. Bu, az qala bütün xəyallarımızın reallaşmasıdır. 

Yəni real həyatla virtual həyat birləşir.

Oyunlar holoqramlarla real həyata keçir.

Məsələn, bir eynəyi taxdığımız an tamamilə fərqli bir dünyaya girəcəyik. Yaradılan sonsuz virtual mühitdə dostlarımızla görüşə, danışa, oyunlar oynaya bilərik. İstənilən sənətçinin konsertinə qatıla, yarışları izləyə və çox fərqli əyləncələrə dala bilərik. Və, bunu həm də real hiss edə bilərik. 

Metaverse oyun və əyləncə ilə yanaşı, iş həyatını da virtual mühitə gətirəcək. İndi fiziki ofislər yerinə virtual mühitlərdə görüşəcəyik, təqdimatlar edəcək və toplanacaq, müzakirələr edəcəyik.

İstəsək, burada öz iş mühitimizi - ofisimizi yarada və arzuladığımız yerdə tam zövqlə çalışa bilərik. 

Bir sözlə, real həyatda bacardığımız hər şeyi virtual mühitdə də istədiyimiz kimi etmək imkanımız olacaq. 

Mark yaxın 10 il ərzində 1 milyard insana Metaverse texnologiyasını satmağı planlaşdırır. 

Yaxın gələcəkdə isə eynəkləri daha yeni texnologiyalar əvəz edə bilər. Məsələn, mikroçiplər... 

Virtual reallıq texnologiyası bu gün tam inkişaf etməsə də, təşəbbüslər gələcəkdə sözün əsl mənasında iki həyat yaşayacağımızı göstərir. Stiven Spilberqin 2018-ci ildə ekranlara çıxan "Ready Player One" filmində olduğu kimi. Doğrudur, orada hadisələr şərti olaraq, 2045-ci ildə baş verir. Amma texnologiyalar, yaxın keçmişdən də gördüyümüz kimi, artıq xəyallarımızdan  daha sürətli gəlişir. Metaverse-in nə olduğunu təxmini anlamaq üçün bu filmi izləməyi tövsiyyə edə bilərik. Filmdə keçən bir cümlə yaxın gələcyi çox aydın izah edir: Yemək və tualet ehtiyaclarından başqa insanlar burada nə istəsə edə bilər!...

Metaverse-i duyuran və bu yöndə ən çox yatırım edən Facebook olsa da, bu heç də yeni dünyanın yeganə iştirakçısının bu şirkət olacağı anlamına gəlmir. İndi az qala hər bir şirkətin internetdə bir saytı olduğu kimi, yaxın gələcəkdə hər kəs bura inteqrasiya etməyə tələsəcək. Axı bura həm də yeni biznes fürsətləridir. Çünki insanlar artıq günün böyük bir hissəsini burada keçirəcək. Burada özünü görünmək istədiyi kimi dizayn edə (avatar), olmaq istədiyi kimi var edə biləcək. Xəyallarını burda gerçəkləşdirə, ağlasığmaz macəralar yaşaya biləcək. 

Amma bu texnologiya indi hiss etdiyimiz real dünyanın özünə necə təsir edəcək? Gerçək həyat və duyğuları onların imitasiyasımı əvəz edəcək?

Onsuz da internet və smart texnologiyaların yalqızlaşdırdığı insanın (insanlığın) gələcək halı necə olacaq?

Bu gün xəstəlik kimi təsbit edilən şəxsiyyət ikiləşməsi, şəxsiyyət pozuqluğu kimi halımın gündəlik normaya çevrilməsi bizə nə vəd edir? 

... Suallar çoxdur. 

Amma hələlik Zukerberqin ötən günkü müraciətini kiçik ixtisarla təqdim edək:

Zukerberqdən YENİ BANLAĞICın anonsu

“İnternet üçün növbəti mərhələnin başlanğıcındayıq, elə şirkətimiz üçün də növbəti mərhələdir.

Son illərdə texnologiya insanlara özümüzü daha təbii şəkildə birləşdirmək və ifadə etmək gücünü verib. Facebook-a başlayanda ən çox saytlarda mətn yazırdıq. Kameralı telefonlar əldə edəndə internet daha vizual və mobil oldu. Bağlantılar sürətləndikcə video təcrübələri bölüşməyin daha zəngin yolu oldu. Masaüstüdən veb-səhifəyə; mətndən fotoşəkillərə, videoya keçdik. Ancaq bu yolun sonu deyil.

Növbəti platforma daha da təhrikedici olacaq - yalnız baxmaqla qalmadığınız, real təcrübə etdiyiniz, vizuallaşan internet. Biz buna Metaverse deyirik və qurduğumuz hər şeyə toxunacaq.

Metaversenin keyfiyyətini müəyyən edən mövcudluq hissi olacaq - elə bil ki, sən orada başqa bir insanla və ya başqa bir yerdəsən. Başqa bir insanla mövcudluğu həqiqətən hiss etmək sosial texnologiyanın ən böyük arzusudur. Buna görə də biz bunu qurmağa köklənmişik.

Metaversedə siz təsəvvür edə biləcəyiniz demək olar ki, hər şeyi edə biləcəksiniz - dostlarınız və ailənizlə bir araya gəlmək, işləmək, öyrənmək, oynamaq, alış-veriş etmək, yaratmaq, eləcə də bizim təcrübəmizə uyğun gəlməyən tamamilə yeni təcrübələr. Bu gün kompüterlər və ya telefonlar haqqında düşünün.

Gələcəkdə metaversedən necə istifadə edə biləcəyinizi anlatan bir film çəkdik.

Yaxın gələcəkdə ofisdə, dostlarınızla konsertdə və ya valideynlərinizin qonaq otağında olmaq üçün holoqram kimi anında teleport edə biləcəksiniz. Bu harada yaşamağınızdan asılı olmayaraq daha çox fürsət açacaq. Sizin üçün vacib olana daha çox vaxt ayıra, tıxacda itirdiyiniz vaxta qənaət edə, atmosferin zəhərlənməsini azalda biləcəksiniz.

Düşünün ki, bu gün gələcəkdə sadəcə holoqram ola biləcək nə qədər fiziki şeylərə sahibsiniz. Televizorunuz, çoxsaylı monitorlarla əhatəli mükəmməl iş yeriniz, müxtəlif oyunlarınız və daha çoxu - fabriklərdə qalaqlanmış avadanlıqları ... - onları dünyanın dörd tərəfindən olan yaradıcılar tərəfindən hazırlanan holoqramlar əvəz edəcək.

... Metaverse bir şirkət tərəfindən yaradılmayacaq. Yaradıcılar və inkişaf etdiricilər tərəfindən qurulacaq və bu günkü platformalar və onların siyasətləri tərəfindən təşkil ediləndən daha böyük yaradıcı iqtisadiyyatın kilidini açacaq yeni təcrübələr və rəqəmsal maddələr.

... Metaverse cihazlarımızın daha çox insanı əhatə etməsi üçün qiymətini əlçatan etməyi və dəstəkli satmağı düşünürük. 

... Umidimiz önümüzdəki on il içində metaverse-in milyard insanı əhatə etmək, yüzlərlə milyard dollar dəyərində dijital ticarətə ev sahibliyi etmək, milyonlarca yaradıcı ve gələşitiriciyə dəstək verməkdir. 

... Bu gün biz sosial media şirkəti olaraq bilinirik. Facebook dünya tarixində ən çox istifadə olunan texnologiya məhsullarından biridir. Bu artıq ikonik sosial media markasıdır.

Amma bu, bizim məşğul olduğumuz hər şeyi əhatə etmir. ... Hal-hazırda brendimiz bir məhsulla o qədər sıx bağlıdır ki, bu artıq etdiyimiz hər şeyi təmsil edə bilməz. Zaman keçdikcə ümid edirəm ki, biz Metaverse şirkəti olaraq qəbul olunacaq, nəyə doğru getdiyimizi, nə inşa etdiyimizi daha yaxşı tanımlayacaq. 

Az öncə şirkətimizdə təməl bir dəyişiklik etdiyimizi duyurduq. Hazırda şirkətimizi iki seqmentdə görürük: biri sosial tətbiqlərimiz, biri gələcək platformalarımız. Metaverse ilə bağlı çalışmalarımız bu seqmentlərdən biri deyil. Metaverse bunların hər ikisini əhatə edəcək bir işdir. Vizyonumuzu genişlədiriksə, yeni bir marka yaratmanın da zamanı gəldi.

Kim olduğumuzu və inşa etməyə çalışdıqlarımızı tanımlamaq üçün şirkətimizin artıq "Meta" adlandırıldığını paylaşmaqdan qürur duyuram.

... Bundan sonra öncəliyimiz Facebook yox, Metaverse olacaq. Bu da o deməkdir ki, zamanla digər xidmətlərimizdən istifadə edə bilmək üçün bir Facebook hesabına ehtiyacınız olmayacaq. Yeni markamız məhsullarımızda özünü göstərməyə başlayanda, ümid edirəm ki, dünyanın dörd yanındakı insanlar Meta markasını və dəstəklədiyimiz gələcəyi biləcəklər.

... Enerjimizi buna yönləndiririk - dünyadakı digər şirkətlərdən daha çox! Sizin də görmək istədiyiniz gələcək budursa, ümid edirəm ki, bizə qatılacaqsınız. Gələcək xəyal edə biləcəyimiz hər şeyin ötəsində olacaq!"

4