AnTuTu bençmarkının bloqunda 2026-cı ilin avqust ayının yekunlarına əsasən Android smartfonlarının məhsuldarlıq reytinqi dərc olunub. Flaqmanlar arasında ilk sıraları "Snapdragon 8 Elite Gen 5" prosessoruna malik modellər tutub. Orta qiymət seqmentində isə prosessor baxımından daha geniş müxtəliflik müşahidə olunur.
HİT.az xəbər verir ki, bazarda ən məhsuldar Android smartfonu "RedMagic 11S Pro+" hesab olunur. "Snapdragon 8 Elite Gen 5" çipinin sürətləndirilmiş versiyası ilə təchiz olunan cihaz orta hesabla 4 118 689 bal toplayıb. Bu versiyada prosessorun tezliyi standart çipdəki 4,6 QHs əvəzinə 4,74 QHs-ə çatdırılıb. Bu da ağır tapşırıqlar və oyunlarda daha yüksək məhsuldarlıq gözləməyə imkan verir.
Liderə olduqca yaxın nəticə "iQOO 15 Ultra" modelinə məxsusdur. Onun orta göstəricisi 4 118 578 bal olub. Birinci yerlə fərq cəmi 111 bal təşkil edib. Telefon ilin əvvəlində təqdim olunsa da, məhsuldarlığına görə hələ də bazardakı ən yaxşı Android smartfonlarından biri olaraq qalır.
Üçüncü yeri 4 049 580 ballıq orta nəticə ilə "RedMagic 11 Pro+" tutub.
İlk onluğun digər pillələrində "iQOO 15", "Vivo X300 Ultra", "Realme GT8 Pro", "Honor Win", "Redmi K100 Pro Max", "Oppo Find X9 Ultra" və "Honor Magic 8" modelləri qərarlaşıb. Onların hamısı ən azı 3,8 milyon bal toplayıb.
AnTuTu-nun məlumatına görə, 2026-cı ilin avqustunda ən güclü Android smartfonlarının ilk onluğu belədir:
1. "RedMagic 11S Pro+" – 4 118 689 bal;
2. "iQOO 15 Ultra" – 4 118 578 bal;
3. "RedMagic 11 Pro+" – 4 049 580 bal;
4. "iQOO 15";
5. "Vivo X300 Ultra";
6. "Realme GT8 Pro";
7. "Honor Win";
8. "Redmi K100 Pro Max";
9. "Oppo Find X9 Ultra";
10. "Honor Magic 8".
Orta qiymət seqmentində isə birinci yeri "Dimensity 8550 Elite" çipsetli "Honor 600 Pro" tutub. Smartfon 2 187 704 bal nəticə göstərib.
İkinci pillədə 2 145 230 balla "Oppo Reno 16", üçüncü pillədə isə 2 132 203 balla "Oppo K15 Pro" qərarlaşıb. Hər iki model "Dimensity 8500 Super" çipseti əsasında işləyir.
Beləliklə, orta qiymət kateqoriyasının ilk üçlüyündə "MediaTek" prosessorlarının müxtəlif versiyalarından istifadə olunur.
Daha əvvəl ekspertlər 200 dollardan ucuz olan və əksər istifadəçilərin tələbatını tam ödəyə biləcək smartfonu da müəyyənləşdiriblər. Cihaz uzunmüddətli batareya ömrü, akkumulyatordan simsiz enerji doldurma dəstəyi və büdcə sinfində nadir rast gəlinən funksiyalar təklif edir.
Həmçinin istifadəçilərə 2030-cu ildən sonra da aktuallığını qoruyacaq dörd Android flaqmanı tövsiyə olunub. Siyahıya həm əvvəlki illərin ucuzlaşmış flaqmanları, həm də bazarda ən uzunmüddətli proqram təminatı dəstəyinə malik yeni modellər daxil edilib.
Samir


