Turistlər son vaxtlar İtaliyada istirahət zamanı əlavə ödəniş tələb edən müxtəlif fırıldaq üsullarından daha tez-tez şikayət edirlər. Onların sözlərinə görə, bu cür hallarla Avropanın digər ölkələrində daha az rastlaşılır.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Nəşr qeyd edir ki, Avropanın müxtəlif ölkələrindən İtaliya şəhərlərinə sərfəli aviabiletlər tapmaq mümkün olsa da, ölkənin turizm sektorunda rast gəlinən gizli ödənişlər və müxtəlif turist tələləri səyahətin ümumi xərcini əhəmiyyətli dərəcədə artıra bilər.
Turistlərin ən çox şikayət etdiyi hallardan biri restoranlarda hesabın şişirdilməsidir. Bura çekə sifariş edilməyən içkilərin əlavə edilməsi, həmçinin dondurmaya qaymaq, meyvə, qoz-fındıq və digər əlavələrə görə əlavə ödənişlərin hesablanması daxildir.
Sosial şəbəkə istifadəçilərindən biri Romada istirahət edərkən yaşadığı hadisəni bölüşüb. O bildirib ki, özü və dostu hərəsi üç top dondurma sifariş edib və hər topun qiyməti 4 avro olub. Lakin 24 avro əvəzinə onlardan 44 avro tələb edilib. Satıcı dondurmaya qaymaq, makaron və kannoli əlavə etməyi təklif edib və bunun üçün əlavə 20 avro hesablayıb. Turistin sözlərinə görə, kafedə bu əlavələrin əsas qiymətə daxil olduğu təəssüratı yaranırdı.
Bəzi turistlər suvenir mağazalarında da aldadıldıqlarını bildiriblər. Onların sözlərinə görə, satıcılar ödənişi aldıqları bəzi məhsulları qəsdən paketə qoymayıblar. Belə hallardan birində alıcı boyunbağı və bilərzik üçün ödəniş etsə də, satıcı onun diqqətinin yayınmasından istifadə edərək boyunbağını verməyib.
Digər şikayətlər isə restoranlarda bir porsiyanın iki nəfər arasında bölüşdürülməsinə görə əlavə ödəniş tələb olunması ilə bağlıdır. Bəzi müəssisələr bunu əlavə qab-qacaq, salfet və yeməyin bölünməsi üçün çəkilən əməyə görə izah edirlər.
Bəzi hallarda turistlər yataq dəsti və dəsmallardan istifadəyə görə ayrıca ödənişlə də qarşılaşırlar.
Belə problemlərin daha çox Roma, Milan, Neapol və Venesiya kimi məşhur turizm şəhərlərində yaşandığı bildirilir.
Bundan əvvəl də İtaliyada turistlərə küçədə "dostluq bilərzikləri", qızılgüllər və digər xırda əşyaların israrla təqdim edilməsi, daha sonra isə onlardan pul tələb olunması barədə məlumatlar yayılmışdı.
Bundan başqa, bir çox xarici turist üçün İtaliya restoranlarında tətbiq olunan "coperto" sistemi də gözlənilməz olur. Bu sistemə əsasən, hesabın üzərinə adambaşına adətən 1–2 avro məbləğində əlavə "masa xidməti" haqqı daxil edilir. Bəzi restoranlarda bunun müqabilində çörək və ya kiçik qəlyanaltılar təqdim olunsa da, bəzilərində heç bir əlavə xidmət göstərilmir.
Turistlər həmçinin bəzi məkanlarda dondurmanın bazar qiymətindən xeyli baha satıldığını da bildirirlər.
Samir


