Səyahət eksperti bir daha qayıtmaq istəmədiyi 5 şəhərin adını açıqladı

TURİZM
23:15 / 08.07.2026
53

"Instagram" platformasında @alocalguide_ adı ilə tanınan səyahət eksperti Lukas Brankatisano indiyədək 60 ölkəyə səfər edib. O, xarici səyahətləri ilə bağlı təcrübəsini və tövsiyələrini mütəmadi olaraq izləyiciləri ilə bölüşür.

HİT.az xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, bloqer son videolarından birində indiyədək ziyarət etdiyi və bir daha qayıtmaq istəmədiyi beş şəhərin adını açıqlayıb.

İlk sırada Hindistanın paytaxtı Yeni Dehli yer alıb. Lukas şəhəri "tamamilə fərqli səviyyədə informasiya və səs-küy yükü" adlandıraraq, havanın çirklənməsini, daimi nəqliyyat səs-küyünü, tıxacları, küçələrdə inəklərin olmasını və smogla örtülü səmanı mənfi cəhətlər kimi göstərib.

Onun sözlərinə görə, Hindistanın digər bölgələri olduqca maraqlı olsa da, Yeni Dehliyə yenidən qayıtmaq istəmir.

Siyahıda ikinci yerdə Nikaraquanın Leon şəhəri qərarlaşıb. Bloqer şəhəri isti və gecələr təhlükəli hesab etdiyini bildirib. Bununla yanaşı, o, ümumilikdə Nikaraquanı çox bəyəndiyini və 2024-cü ildə burada xoş vaxt keçirdiyini vurğulayıb.

Üçüncü yerdə Yunanıstanın Santorini adasındakı Oya qəsəbəsi yer alıb. Lukas buranı "cəhənnəmin təcəssümü" adlandıraraq, xüsusilə yay aylarında həddindən artıq izdiham, çoxsaylı selfi çubuqları və günbatımını eyni rakursdan çəkməyə çalışan turistlərin bolluğunu tənqid edib.

Onun fikrincə, həmin mənzərəni internetdə izləmək kifayətdir və bunun üçün ora getməyə ehtiyac yoxdur.

Dördüncü yerdə Kambocanın paytaxtı Pnompen göstərilib. Bloqer şəhəri uzun illər əvvəl ziyarət etdiyini və əsasən sıx tikililəri, çoxsaylı təkər təmiri emalatxanalarını xatırladığını bildirib. Bununla belə, o, bu qiymətləndirməsinin köhnə təəssüratlara əsaslandığını etiraf edib və şəhərin dəyişmiş ola biləcəyini qeyd edib.

Siyahını İspaniyanın Benidorm şəhəri tamamlayır. Lukas bu kurortu da "cəhənnəm" adlandıraraq, burada demək olar ki, hər menyuda ingilis səhər yeməyinin təklif olunduğunu və şəhərdə çoxlu britaniyalı turistin olduğunu vurğulayıb.

Samir
 

0