Avtomobil dünyasında "Lamborghini" adı çəkiləndə ilk olaraq "Miura", "Countach", "Murcielago", "Gallardo", "Aventador" və "Huracan" kimi əfsanələr yada düşür. Lakin markanın tarixində ən az onlar qədər diqqətəlayiq, buna baxmayaraq kölgədə qalan modellər də var.
HİT.az xəbər verir ki, italyan istehsalçısının 1963-cü ildən başlayan tarixində bəzi avtomobillər sonrakı əfsanəvi modellərin kölgəsində qalıb. Halbuki onların bir qismi "Lamborghini"nin inkişafında mühüm rol oynayıb.
Lamborghini 350 GT
"Lamborghini"nin ilk seriya istehsalı modeli olan 350 GT 1964-cü ildə təqdim edilib. "Miura" ilə müqayisədə daha az tanınsa da, həmin dövr üçün olduqca qabaqcıl texnologiyalara malik idi.
Cəmi 120 ədəd istehsal olunan avtomobildə 3,5 litrlik V12 mühərrik, dörd təkərdə disk əyləcləri və müstəqil asqı sistemi istifadə edilmişdi. Alüminium kuzov elementləri isə avtomobilin çəkisinin azaldılmasına kömək edirdi.
350 GT həm də "Lamborghini"nin V12 mühərrik ənənəsinin əsasını qoyan model hesab olunur. Bu avtomobilin uğuru şirkətin "Ferrari" kimi nəhənglərlə rəqabətə başlamasında mühüm rol oynadı.
Lamborghini Espada
1968-1978-ci illərdə istehsal olunan "Espada" markanın dörd nəfərlik modellərindən biri idi. Adı ispancada “qılınc” mənasını verən avtomobil iri V12 mühərriki və fərqli dizaynı ilə seçilirdi.
"Espada" saatda təxminən 250 kilometr sürət yığa bilirdi və 1970-ci illərdə Lamborghini-nin ən çox satılan modellərindən birinə çevrilmişdi.
Lakin onun bəxti gətirmədi: eyni dövrdə daha aqressiv dizaynı ilə avtomobil dünyasını dəyişən "Countach" təqdim edilmişdi. Nəticədə "Espada" uzun müddət onun kölgəsində qaldı.
Lamborghini Urraco
"Urraco" daha geniş auditoriyaya xitab etmək üçün hazırlanmışdı. Modelin əsas məqsədi ekstremal görünüşdən daha çox rahatlıq və gündəlik istifadə imkanlarını ön plana çıxarmaq idi.
Avtomobil 2,5 və ya 3,0 litrlik V8 mühərriklə təklif olunurdu. Daha sonra "Urraco"nun əsasında daha nadir "Silhouette" modeli yaradıldı. Cəmi 53 ədəd istehsal edilən "Silhouette" çıxarıla bilən "Targa" damı və orta hissədə yerləşdirilmiş daha güclü mühərriki ilə fərqlənirdi.
Lamborghini LM002
1986-cı ildə təqdim olunan LM002 "Lamborghini" tarixinin ən qeyri-adi avtomobillərindən biri idi. Lüks SUV ilə hərbi avtomobilin qarışığını xatırladan model markanın ənənəvi yüngül və aerodinamik avtomobillərindən tamamilə fərqlənirdi.
Avtomobil nəhəng V12 mühərriklə təchiz edilmişdi və çəkisinə baxmayaraq 0-dan 100 km/saata təxminən 7,2 saniyəyə sürətlənə bilirdi.
Bu gün "Lamborghini Urus" texnologiya və sürət baxımından LM002-ni geridə qoyur. Lakin çətin relyeflərdə hərəkət qabiliyyəti və sərt konstruksiyası LM002-ni hələ də xüsusi avtomobilə çevirir. Salonunda dəri oturacaqlar və kondisionerin olması isə onun lüks xarakterini tamamlayırdı.
Lamborghini Jarama
"Jarama" "Lamborghini"nin ənənəvi dizaynından uzaq modellərdən biri idi. Avtomobil kəskin və futuristik xətləri ilə deyil, daha sadə və zərif görünüşü ilə seçilirdi.
V12 mühərrikinin öndə yerləşdirilməsi də markanın sonrakı orta mühərrikli modellərindən fərqlənirdi. Maraqlıdır ki, "Jarama" şirkətin qurucusu Ferruçço Lamborghininin şəxsi favoritlərindən biri olub.
1970-ci ildə istehsala başlayan model rahat salonu və balanslı idarəetməsi ilə seçilirdi. Görünüşü sakit olsa da, avtomobilin maksimal sürəti 260 km/saat təşkil edirdi.
Bu beş model "Miura" və "Countach" qədər məşhur olmasa da, "Lamborghini"nin bugünkü əfsanəyə çevrilməsində mühüm rol oynayan avtomobillər sırasında yer alır.
Samir


