Paşinyan hakimiyyətini dalana dirəyən SƏBƏB

DÜNYA
14:54 / 18.05.2020
1518
COVID19-un yaratdığı iqtisadi çətinlik və poblemlər Paşinyan hakimiyyətini zəiflədəcək.
 
HİT.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) iqtisadiyyat üzrə eksperti Orxan Bağırov COVID-19 pandemiyasının Ermənistan iqtisadiyyatı üçün yaratdığı maliyyə problemlərinə dair hazırladığı təhlildə vurğulayıb. Ekspert Ermənistanın koronavirusla mübarizə istiqamətində atdığı addımlar və bunların iqtisadiyyata mənfi təsirlərini təhlil edib.

Yazıda COVID-19-un yayılması ilə əlaqədar Ermənistanda martın 16-dan etibarən fövqəladə vəziyyətin tətbiq edilməsinin və iyunun 13-nə qədər uzadılmasının iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin əsaslı şəkildə zəifləməsinə səbəb olduğu bildirilib.
 
Təhlildə qeyd edilir ki, iqtisadiyyatın inkişafı imkanları kəskin şəkildə daralıb və bu da bir sıra problemlərə yol açıb: "Yaranacaq iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər iqtisadiyyatın dəstəklənməsinə şərait yaratsa da, Ermənistanın maliyyə resurslarının az olması bir sıra maliyyə problemlərinin yaranmasına səbəb olub. Ermənistan hökuməti COVID-19-un yaratdığı iqtisadi problemlərin aradan qaldırılması üçün 307 milyon ABŞ dolları həcmində (bundan sonra dollar) yardım paketi ayırıb. Bu vəsaitin 51.2 milyon dolları sosial-iqtisadi problemlərin aradan qaldırılmasına, 163.8 milyon dolları uzun müddətli iqtisadi və inkişaf proqramlarının həyata keçirilməsinə, 40.95 milyon dolları isə rezerv vəsaitlərinin yenidən bölüşdürülməsinə xərclənəcək. Ermənistan hökuməti tərəfindən 2020-ci il üçün qəbul edilmiş büdcə layihəsində iqtisadiyyatın artım proqnozu 4.9% səviyyəsində, inflyasiya 4% ətrafında, büdcə gəlirləri 3.46 milyard dollar, büdcə xərcləri 3.79 milyard dollar, büdcə kəsri isə 330 milyon dollar həcmində proqnozlaşdırılsa da koronavirusun yaratdığı iqtisadi problemlər ilin sonuna qədər bu göstəricilərin dəyişməsinə səbəb olacaq.
 
Belə ki, hökumətin yeni proqnozlarına əsasən ilin sonuna Ermənistanda ÜDM-in artımı 2% səviyyəsində olacaq ki, nəticədə ÜDM-in həcmi nominal olaraq ilkin proqnozdan 1 milyard 249 milyon dollar daha az yəni 13.277 milyard dollar səviyyəsinə düşəcəkdir. Eyni zamanda büdcəyə vergi daxilolmaları proqnozlaşdırılandan 346 milyon dollar daha az olacaq. Büdcə daxilolmalarının azalmasına baxmayaraq yaranacaq iqtisadi problemlərin qarşısını almaq və sosial narazılığın yaranmasına imkan verməmək üçün hökumət büdcə xərclərini olduğu kimi saxlamaq məcburiyyətindədir. Belə olan halda isə büdcə kəsrinin həcmi büdcə layihəsində proqnozlaşdırılandan iki dəfədən çox artaraq ilin sonuna qədər 663.3 milyon dollar səviyyəsinə qalxacağı gözlənilir. Bu da büdcə kəsrinin büdcə gəlirlərinin 21%-i, ÜDM-in isə 5%-i səviyyəsinə qalxması deməkdir. Büdcə kəsrinin kəskin artmasına imkan vermək üçün Ermənistan hökuməti 2020-ci il büdcə layihəsinə dəyişiklik etməklə yanaşı, büdcə kəsri üçün müəyyən edilmiş məhdudiyyətin artırılmasına məcbur olacaq.
 
Belə vəziyyətdə Ermənistan hökuməti böyük maliyyə resurslarına malik olmadığından istər iqtisadiyyata dəstək proqramını həyata keçirmək üçün, istərsə də büdcə kəsrini maliyyələşdirmək üçün borc almaq məcburiyyətində qalacaq. Proqnozlara əsasən qeyd edilən istiqamətlərdə maliyyələşməni həyata keçirmək üçün Ermənistan hökuməti 532.3 milyon dollar həcmində əlavə borclanmaya getməli olacaq. Bunun üçün Ermənistan digər dövlətlərə və beynəlxalq maliyyə təşkilatlarına “üz tutmalı” olacaq. Artıq bir sıra maliyyə təşkilatları Ermənistana yardım ayırmağa hazır olduqlarını bəyan edib. ABŞ Dövlət Departamenti isə Ermənistana ayrılacaq yardımın həcmini 1.1 milyon dollardan 1.7 milyon dollara qədər artırıb. Bundan başqa Avropa İttifaqı tərəfindən Ermənistana 92 milyon avro yardımın ayrılacağı elan edilib və Dünya Bankı 3 milyon dollar həcmində yardım ayırıb. Lakin yaranan maliyyə problemlərini həll etmək üçün Ermənistanın daha böyük maliyyə resurslarına ehtiyacı olacaq.
 
Ermənistan hökumətinin borclanmaya getməsi isə onsuzda son illərdə yüksək olan və artan dövlət borcunun daha da yüksəlməsinə səbəb olacaq. Ermənistanın Statistika Komitəsinin məlumatlarına əsasən, Ermənistanın dövlət borcu 2019-cu ilin sonuna 7.324 milyard dollar həcmində olub. Dövlət borcu təkcə dekabr ayında 158 milyon dollar və ya 2.2% artıb. Ümumi dövlət borcunun 5.79 milyard dolları və ya 79%-i xarici borclar, 1.53 milyard dolları və ya 21%-i isə daxili borclar olub. Dekabr ayında xarici borc 163.5 milyon dollar artmış, daxili borc isə 5.39 milyon dollar azalıb. Xarici borcların 5.3 milyard dolları Ermənistan hökumətinin, 489.32 milyon dolları isə Mərkəzi Bankın borclarıdır. Dekabr ayında hökumətin xarici borcu 186.3 milyon dollar artıb, Mərkəzi Bankın xarici borcu isə 22.8 milyon dollar azalıb. Dövlət borcunun iqtisadiyyatda rolunun hansı səviyyədə olduğunu müəyyən etmək üçün istifadə edilən dövlət borcunun ÜDM-ə nisbətinin faizlə ifadəsi 2018-ci ildə 51.3%, 2019-cu ildə isə 50% səviyyəsində olub ki, bu da çox böyük rəqəmdir. Müqayisə üçün deyə bilərik ki, bu göstərici 2019-cu ildə Azərbaycanda 18%, Gürcüstanda isə 42% səviyyəsində olub.
 
Göründüyü kimi dövlət borcunun son illərdə artmasının əsas səbəbi hökumətin xarici borcunun artmasıdır. Daxili borclar və Mərkəzi Bankın xarici borcu azaldığı halda hökumətin xarici borcu təkcə dekabr ayında 3.5% artıb. Əgər proqnozlaşdırıldığı kimi Ermənistan hökuməti 532.3 milyon dollar həcmində xarici borc götürərsə təkcə bu borc 2019-cu il ilə müqayisədə ümumi dövlət borcunun 7.26%, ümumi xarici borcun 9.2%, hökumətin xarici borcunun isə 10% artmasına gətirib çıxaracaq. Onu da nəzərə alsaq ki, müxtəlif mənbələrdən 2019-cu il üzrə Ermənistanın dövlət borcu 945 milyon dollar və ya 14.8% artıb o zaman təkcə bir mənbədən hökumətin xarici borcunun 10%-ə qədər artımının nə dərəcədə böyük olduğunu görmək olar.
 
Böyük kapital və maliyyə bazarlarına malik olmayan ölkələr üçün xarici dövlət borcunun həcminin yüksək olması təhlükəlidir. Xarici borcun yüksək olması o anlama gəlir ki, hökumət mövcud olan maliyyə imkanlarından daha böyük öhdəliyi öz üzərinə götürür. Bu isə fiskal siyasətdə böyük disbalansın mövcud olduğunu göstərir. Vəziyyətin düzəlməsi üçün isə hökumət büdcə gəlirlərini artırmalı və ya büdcə xərclərini azaltmalıdır (eyni zamanda hər ikisi edilə bilər). Bundan başqa büdcə gəlirlərinin artırılmasında kölgə iqtisadiyyatının aradan qaldırılması da fayda verə bilər. Lakin hazırkı vəziyyətdə Ermənistan hökuməti bu vasitələrdən istifadə edə bilmir. Ona görə ki, büdcə gəlirlərini artırmaq imkanları zəifdir. Vergi və rüsumlar artırılarsa sosial narazılıq yarana bilər. Büdcə xərclərinin azaldılması isə müxtəlif iqtisadi layihələrin yarımçıq qalmasına səbəb ola bilər ki, bu da iqtisadi problemlərə yol açaraq Paşinyan hökuməti üçün təhdidə çevrilə bilər. Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində son illər müxtəlif tədbirlər həyat keçirilsə də bu büdcə gəlirlərinin əsaslı formada artırılmasına imkan yaratmayıb. Kölgə iqtisadiyyatının aradan qaldırılması prosesi hökumətin böyük nüfuza malik olan oliqarxlara qarşı getməsinə səbəb olur ki, nəticədə prosesi tam olaraq həyata keçirmək çətinləşir.
 
Böyük xarici borcun mövcudluğuna baxmayaraq uzun illər Ermənistan iqtisadiyyatının “ayaq üstə” qalmasının əsas səbəbi digər ölkələrdən və maliyyə təşkilatlarından alınmış yardımlar olmuşdur. Lakin pandemiya ilə əlaqədar bütün dünyanı iqtisadi problemlərin bürüməsi və Ermənistana iqtisadi baxımdan əsas dəstək verən Rusiyanın həm virusla bağlı kəskin iqtisadi problemlər ilə qarşılaşması, həm də neft gəlirlərinin kəskin azalması onun Ermənistana dəstək vermək imkanlarını azaldır. Digər tərəfdən post-pandemiya dövründə bir çox kiçik dövlətlərin maliyyə vəsaitlərinə ehtiyacı artacaqdır və nəticədə güclü rəqabət formalaşacaq. Bu isə son nəticədə borc almaq imkanlarını azaldacaq. Ona görə də hazırkı durumda Ermənistan üçün məcburi şəkildə artacaq büdcə kəsrini maliyyələşdirmək məqsədilə xarici borc alması əvvəlki qədər asan olmayacaq.
 
Son illərdə Ermənistanda baş verən siyasi proseslər onu göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsində və sonrakı dövrdə öz populyarlığını qorumasında iqtisadi amillərin rolu böyük olmuşdur. Əvvəlki hakimiyyətin dövründə kəskin sosial-iqtisadi problemlərin mövcud olması inqilabın baş verməsində böyük rol oynayıb. Paşinyanın isə iqtisadi sahədə islahatlar həyata keçirilməsi ilə bağlı vədlər verməsi onun seçilməsinə əsaslı formada təsir edib. O, prezident seçildikdən sonra da Ermənistanda iqtisadi artım göstəricilərinin yüksəlməsi yeni hakimiyyətin pupulyarlığını qorumasına imkan yaradıb. İqtisadi artım göstəriciləri həyata keçirilən iqtisadi siyasətin uğurlu olması, verilən vədlərin yerinə yetirilməsi və sosial-iqtisadi problemlərin həll edilməsi ilə bağlı təbliğatın aparılmasına imkan yaradıb. Buna görə də Paşinyan hakimiyyəti üçün xalqın etimadının qorunmasında iqtisadi sahədə əldə edilən uğurlar əsas amillərdən biri kimi çıxış edir. Ona görə də pandemiya ilə bağlı iqtisadi problemlərin yaranması və bu problemləri nə dərəcədə səmərəli şəkildə idarə edilməsi yeni hökumət üçün böyük sınaqdır.
 
Pandemiyanın yaratdığı problemlər iqtisadi sahədə verilən vədlərin və planlaşdırılan tədbirlərin həyata keçirilməməsi ilə nəticələnə bilər ki, bu da hakimiyyət üçün təhdidə çevrilə bilər. Ona görə də büdcə kəsrinin kəskin artmasına və dövlətin borc almaq məcburiyyətində qalmasına baxmayaraq hökumət büdcə xərclərin azalmasına imkan yaratmaq istəmir. Əsas məqsəd hakimiyyətə olan etimadın qorunmasını təmin etməkdir. Lakin hazırkı qlobal və daxili iqtisadi vəziyyət Ermənistanın borc götürmək və götürüləcək əlavə borcu ödəmək imkanlarını azaldır. Ona görə ki, tələbin kəskin azalması şəraitində beynəlxalq bazarlarda əmtəələrə, o cümlədən Ermənistanın əsas ixrac məhsullarından olan müxtəlif metallara olan tələbatın azalması ixrac gəlirlərini azaltmaqla Ermənistan iqtisadiyyatının bərpa edilməsini uzadacaq və xarici borcların qısa zamanda bağlanılması üçün imkan yaratmayacaq. Eyni zamanda tərəfdaş ölkələrin özlərinin iqtisadi problemlər ilə qarşılaşması və borc almaq üçün rəqabətin güclənməsi borc almaq imkanlarını da azaldıb. Son illərdə Ermənistanda xarici borcun həcminin daima artması hökumətin borclar əsasında öz iqtisadi siyasətini həyata keçirdiyini və sosial narazılıqları aradan qaldırıldığını göstərir. Ona görə də zəruri həcmdə xarici borcun əldə edilməsində yarana biləcək problemlər Ermənistanda ciddi iqtisadi problemlər yaranmasına səbəb ola bilər. Digər tərəfdən isə Ermənistanda yaranan iqtisadi problemlərin aradan qaldırılması üçün ayrılan vəsaitin həcmi azdır və onun nə dərəcədə səmərəli olacağı məlum deyil. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın iqtisadi resurslarının az olması və iqtisadi sisteminin xarici yardımlardan asılı olması ümumilikdə iqtisadiyyatın pandemiya ilə bağlı yaranan problemlərə qarşı həssaslığını artırır. Ona görə də yaranan iqtisadi problemlərin nə dərəcədə səmərəli idarə edilməsi Paşinyan hakimiyyətinin davamlılığına əsaslı sürətdə təsir edəcək".
0