Rusların müharibəyə münasibəti: Cəmi 25 faiz \"hə deyir...

12:21 / 01.12.2022
984

Rusiyalıların 55%-i Ukrayna ilə danışıqların, cəmi 25%-i müharibənin davam etdirilməsinin tərəfdarıdır. 

Qaynarinfo xəbər verir ki, "Meduza" Kremlin sifarişi ilə keçirilən qapalı rəy sorğusunun nəticələrini öyrənib .

Rusiya hakimiyyəti cəbhədəki daimi məğlubiyyətlər və səfərbərlik fonunda müharibəyə ictimai dəstəyin azaldığını görür. "Meduza" Federal Mühafizə Xidmətinin (FMX) keçirdiyi son qapalı rəy sorğusunun nəticələrini əldə edib (belə sorğular Kremlin sifarişi ilə aparılır və yalnız daxili istifadə üçündür). Bu məlumatlara görə, hazırda rusiyaların təxminən 55%-i Ukrayna ilə sülh danışıqlarının, yalnız 25%-i isə müharibənin davam etdirilməsinin tərəfdarıdır.

Bu rəqəmlər Rusiyanın yeganə böyük müstəqil sosioloji mərkəzi olan "Levada Mərkəzi”nin oktyabrda keçirdiyi sorğunun nəticələrinə demək olar ki, uyğundur. "Levada" hesabatında respondentlərin 57%-i sülh danışıqlarının tərəfdarı olub, hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarları isə 27% təşkil edib.

Eyni zamanda, FMX-nin qapalı rəy sorğularına əsasən, son dövrlərdə rusiyalıların müharibəyə münasibəti kəskin şəkildə pisləşib. Hələ 2022-ci ilin iyulunda keçirilən sorğular rusiyalıların yalnız 30%-nin Ukrayna ilə sülhün tərəfdarı olduğunu göstərmişdi.

"Levada Mərkəzi”nin direktoru Denis Volkov "Meduza" ilə söhbətində 21 sentyabrda səfərbərlik elan edildikdən sonra Ukrayna ilə danışıqları müdafiə edən rusiyalıların sayının sürətlə artmağa başladığına diqqət çəkir:

"Bu, vətəndaşların hərbi əməliyyatlarda şəxsən iştirak etmək istəməməsidir. Onların döyüşlərə dəstəyi yüksək olaraq qalır, lakin xalq arasında bu işdə şəxsən iştirak etmək istəyi kifayət qədər azdır. Üstəlik, insanların bunu onlara aidiyyatı olmayan bir şey kimi qəbul etməsi fonunda əvvəldən dəstək deklarativ xarakter daşıyırdı. İndi risklər artıb və insanlar danışıqların artıq başlamasını istəyirlər. Eyni zamanda, hələlik əksəriyyət bunu hakimiyyətin ixtiyarına buraxır: "Biz istərdik, amma qərarı yuxarılar verəcəklər".

Sosioloq Qriqori Yudin də "Meduza" ilə söhbətində danışıqlar tərəfdarlarının sayının artmasını səfərbərliklə əlaqələndirib. Onun sözlərinə görə, payızda rusiyalılar "gündəlik həyatın məhvi və təhlükə hissi” ilə üzləşiblər. Yudin, rusiyalıların danışıqların lehinə başqa bir arqument kimi "cəbhədəki məğlubiyyətlər nəticəsində qələbəyə inamın itirilməsini və Rusiyanın tam olaraq necə qalib gələcəyinə dair inandırıcı nəzəriyyənin olmaması"nı göstərir. 

"Eyni zamanda, bu, ölkə üçün kəskin təhlükə hissi ilə birləşsə, təəccüblənmərəm. O mənada ki, danışıqlar və sonrakı ilhaqın, yeni Ukrayna ərazilərinin leqallaşdırılması ölkənin təhlükəsizliyini təmin etməlidir”, o əlavə edib.

Yudinin fikrincə, müharibənin gedişindən bu cür narazılığı daha çox "apatiya” adlandırmaq olar. Buna baxmayaraq, o, müharibə əleyhinə etirazların mümkünlüyünü də istisna etməyib: 

"Etirazlar insanlar nəyisə düşündüyü üçün deyil, onlar üçün imkanlar yarandığına görə yaranır. Rusiyada etiraz potensialı artıq çox yüksəkdir. İmkanlar yarananda etirazlar olacaq. Ola bilər ki, gözləmə müddəti o qədər də uzun olmasın.

"Meduza"nın Kremlə yaxın mənbələrinə görə, hakimiyyətin özləri də yaxın gələcəkdə Rusiyada kütləvi anti-müharibə nümayişlərinin baş verəcəyinə inanmırlar. Bununla belə, həmsöhbətlər etiraf edirlər ki, indi "yaxşısı vəziyyəti qızışdırıb, insanları bir daha incitməyək”.

"Meduza"nın mənbələrinə görə, dövlət və hökumətyönlü media artıq "müharibə mövzusunu qızışdırmamaq” və "daha müsbət gündəmə” diqqət yetirmək tövsiyələri alıb.

0