Alman müxalifəti erkən seçki tələb edir

20:33 / 28.11.2023
289

Bavariyanın baş naziri, müxalif Xristian Sosial Birlik (CSU) partiyasının rəhbəri Markus Zeder bildirib ki, kansler Olaf Şoltsun rəhbərlik etdiyi hakim koalisiya ölkədəki böhranın öhdəsindən gələ bilmir. Onun fikrincə, bu səbəbdən hökumət növbədənkənar seçkiyə germəlidir.

HİT.az xəbər verir ki, siyasətçi bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim dövlət böhranımız var. Koalisiya kanslerin gözdən qaçırdığı və boğduğu problemlərlə artıq məşğul ola bilmir. Koalisiyanın bütün strukturu işləmir. Buna görə də əsaslı dəyişikliklərə ehtiyac var: erkən seçkilər böhrandan ən düzgün çıxış yolu olardı", deyə Zeder bildirib.

Onun fikrincə, koalisiya Almaniya xalqının qarşısında özünə etimad səsverməsi məsələsi qoymalıdır.

"Forsa" ictimai rəy institutunun NTV üçün apardığı araşdırmaya görə, almanların 66%-i Şoltsun ​​mövcud böhranın öhdəsindən gələ bilməyəcəyi fikrini bildirib. Respondentlərin daha 24%-i hesab edir ki, federal kansler Almaniyanı böhrandan çıxarmağa qadirdir.

Tədqiqat həmçinin göstərir ki, Almaniya vətəndaşlarının 69%-i hökumətin maliyyə sektorundakı problemləri həll etmək iqtidarında olmadığını bildirib.

Bundan əvvəl aparılan sorğu göstərib ki, Almaniya vətəndaşlarının 1/3-dən çoxu növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır və hər beş nəfərdən yalnız biri Olaf Şoltsun hökumətinin işini davam etdirməsinin tərəfdarıdır.

Samir

 

0