İrlandiyada mobil telefon mağazasında çalışan işçi məhkəmənin işdən çıxarılmasını qanunsuz hesab etməsindən sonra 10,8 min avro təzminat alıb. O, rəhbərinin satışlarla bağlı saxtakarlıqlarını üzə çıxardıqdan sonra işdən çıxarılıb.
HİT.az xəbər verir ki, bu barədə "Libertatea" yazıb.
Söhbət rəhbərinin komissiyalarını süni şəkildə artırmasına imkan verən sxemə diqqət çəkən Denes Jorjedən gedir. Menecer telefonlar üçün qoruyucu üzlüklərin satışını təmir xidməti kimi rəsmiləşdirib. Bunun sayəsində şirkətin qiymətləndirmə sistemində daha yüksək effektivlik göstəricisi əldə edib və bu, mükafatlarının məbləğinə də təsir edib.
Jorje məsələ barədə yuxarı rəhbərliyə məlumat verib. Lakin vəziyyətin araşdırılması əvəzinə o, qısa müddət sonra işini itirib. Müraciətindən üç gün sonra işçiyə vəzifəsinin iqtisadi səbəblərdən ixtisar edildiyi bildirilib.
Şirkət işdən çıxarılma məktubunda "uzunmüddətli maliyyə böhranı", biznesin restrukturizasiyasına ehtiyac və əməkhaqqı xərclərinin azaldılmasını əsas gətirib.
Lakin işə İrlandiyanın Əmək Münasibətləri Komissiyası (WRC) tərəfindən baxılarkən fərqli nəticəyə gəlinib. Komissiya işçinin müraciətinin qanunla qorunan pozuntu barədə məlumatvermə olduğunu və onun işdən çıxarılmasının məhz bu müraciətə cavab olaraq həyata keçirildiyini müəyyən edib.
WRC 2026-cı ilin sentyabrında Jorjeyə 10 800 avro təzminat ödənilməsi barədə qərar qəbul edib. Məbləğ 20 həftəlik əməkhaqqının itirilməsini kompensasiya edir.
Qərarda həmçinin işçilərin işəgötürən tərəfindən cəzalandırılmadan iş yerindəki pozuntular barədə məlumat vermək hüququ təsdiqlənib.
Samir


