Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri öncəsi partiyaların ittifaq çalışmaları davam edir.
HİT.az xəbər verir ki, Cümhuriyət Xalq Partiyası (CHP) İYİ Partiya ilə yeni ittifaq qurmaq istəyir.
Həftəiçi keçirilən Özgür Özəl və Meral Akşener görüşündə də bu məsələ müzakirə olundu. Sözügedən görüşdə yeni ittifaqla bağlı ilk addım atıldı. Lakin onlar yeni dönəmdə ittifaq deyil, işbirliyi kəliməsini istifadə etmək niyyətindədirlər. Bu, həm Özəlin, həm də Akşenerin açıqlamalarından da görünür.
Siyasi kulislərdə yayılan məlumatlara əsasən, CHP və İYİ Partiya arasında bələdiyyə seçkiləri ilə bağlı işbirliyi ediləcək. Hazırda gedən müzakirə isə bunun Ankara, İstanbul, İzmir kimi müəyyən şəhərlərdə, yoxsa ölkə miqyasında olacağı ilə bağlıdır. Hər iki variant da masadadır, amma öncəliyin İstanbul və Ankarada olduğunu deyə bilərik.
Həmçinin, Zəfər Partiyasının da sözügedən işbirliyinə qatılmaq ehtimalları var. Belə ki, partiyanın sədri Ümit Özdağ İYİ Partiya sədri Meral Akşenerdən görüşmə tələb etdiyini açıqlayıb. Zəfər Partiyasının CHP ilə əlaqələrinin yaxşı olduğunu nəzərə alsaq, Akşenerlə keçəcək görüşün uğurlu olması halında yeni bir işbirliyi yarana bilər.
Eyni zamanda, Məmləkət Partiyasının da belə bir ittifaqda yer alması gündəmdədir. Partiyanın sədri Mühərrəm İncənin CHP və İYİ Partiya ilə işbirliyi etməyə müsbət yanaşdığı deyilir. Onun mayda keçirilən prezident və parlament seçkilərində də sözügedən partiyalarla ittifaq qurmaq istədiyini, habelə bu barədə bir çox açıqlama verdiyini xatırlamaq yerinə düşər.
Mövcud vəziyyətdə CHP, İYİ Partiya, Zəfər Partiyası və Məmləkət Partiyası arasında yeni bir ittifaq qurulma ehtimalları gündəmdədir. Keçmiş "altılı masa"dakı digər 4 partiyanın isə sözügedən işbirliyi çərçivəsində yer alması gözlənilmir...
Pərviz